...

Laçında istehsal olunan ayaqqabılar Avropa ölkələrinə ixrac olunacaq (FOTO)

Cəmiyyət Materials 29 May 2025 12:14 (UTC +04:00)
Laçında istehsal olunan ayaqqabılar Avropa ölkələrinə ixrac olunacaq (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Laçında istehsal olunan ayaqqabılar Avropa ölkələrinə də ixrac ediləcək.

Trend-in xəbərinə görə, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının səlahiyyətli şəxsi Anar Əliyev bildirib ki, müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabıların istehsalı üçün bütün şərait yaradılıb.

"Müəssisə, daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır", - o qeyd edib.

Qeyd edək ki, "Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin edilib.

Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir.

Əlavə edək ki, “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.

Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti