Bakı. Trend:
Dünyanın hər yerində təhsil alan, çalışan azərbaycanlı gənclər,
Qərbi Azərbaycanın təbliğində, həqiqətləri, tarixi və mədəniyyəti
beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmalıdır. Xankəndidə
"Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin
VI Yay Düşərgəsində çıxışı zamanı keçmiş təhsil naziri, Qərbi
Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov gənclərə
belə bir çağırış etdi. Qərbi Azərbaycan mövzusuna həsr olunmuş
paneldə azərbaycanlıların öz tarixi etnik torpaqlarından
deportasiya edildiyi, soyqırıma məruz qaldığı da xatırladıldı.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilən paneldə hazırda Almaniyada yaşayan İrəvan xanının nəvəsi, İrəvan xanlığının tədqiqatçısı, Qərbi Azərbaycan icmasının fəxri üzvü Əmir Əli Sərdari İrəvani də maraqlı çıxışı ilə yadda qaldı.
O, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan İrəvanda azərbaycanlılara məxsus çoxlu sayda tarixi, dini və mədəni abidələrin mövcudluğundan danışaraq, İrəvanın ən məşhur abidələrindən birinın Sərdar sarayının İrəvan xanlığının iqamətgahı olduğu barədə də panel iştirakçılarına məlumat verib.
Əmir Əli Sərdari İrəvani çıxışında tarixin müxtəlif dönəmlərində İrəvanda böyük məscidlərin inşa edildiyi, onların çoxunun ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyini də vurğulayıb. Çıxışını pozitiv ruhda bitirən natiq, bu gün Azad Qarabağda , Xankəndidə olmaq mənim üçün böyük xoşbəxtlikdir deyib. Bu torpaqların azadlığı asan başa gəlməyib. Şəhidlərimizin qanı, qazilərimizin canı, Ali Baş Komandanın siyasəti nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Tədbirdə Qərbi Azərbaycanla bağlı real faktlar, törədilən faciələrdən bəhs edən “Qərbi Azərbaycan irsi” adlı kitab, foto-sərgi və film nümayiş edildi. Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub.