Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Valid Novruzov nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Valid müəllim, fizki aktivliyin həyatımızdakı rolu nə qədər əhəmiyyətlidir?
- Fiziki aktivlik insan sağlamlığının ən vacib şərtlərindən
biridir. O, təkcə bədənimizi formada saxlamaq üçün deyil, həm də
ümumi rifahımızı yaxşılaşdırmaq, enerji potensialımızı yüksəltmək
və daha sağlam həyat tərzi keçirtmək üçün vacibdir. Mütəmadi
hərəkət etdikdə orqanizmdə qan dövranı yaxşılaşır, əzələlər
güclənir və ürək daha effektiv işləməyə başlayır.
Hərəkət azaldıqca bədən passivləşir, maddələr mübadiləsi yavaşlayır
və müxtəlif sağlamlıq problemləri yaranmağa başlayır. Məsələn, uzun
müddət hərəkətsiz qalan insanlarda çəki artımı, oynaq problemləri
müşahidə oluna bilər. Bundan əlavə, idman etmək həm də zehni
sağlamlıq üçün faydalıdır. Hərəkət zamanı bədəndə xoşbəxtlik
hormonları ifraz olunur, özünüzü daha pozitiv hiss etmənizə kömək
edir, stres azalır, yuxu rejimi normallaşır və ümumi həyat
keyfiyyəti artır.
- Doktor, bilmək istərdik ki, qaçmaq, yoxsa gəzmək daha faydalıdır?
- Hərəkət etmək sağlam qalmaq üçün vacibdir. Lakin hər kəsin
bədən quruluşuna və sağlamlıq vəziyyətinə görə fərqli fəaliyyət
növləri daha uyğun ola bilər. Gəzmək hər yaşda olan insanlar üçün
ən əlçatan, daha yüngül və təhlükəsiz bir məşq növüdür, xüsusilə
oynaq problemləri olan və ya artıq çəkidən əziyyət çəkən insanlar
üçün ideal seçimdir. Bundan əlavə, gəzinti uzun müddət davam
etdirmək üçün daha əlverişlidir. Bu zaman yorğunluq və zədələnmə
riski azdır. Ürək ritmi tədricən artır, bədən oksigenlə daha yaxşı
təmin olunur və qan dövranı normallaşır.
Qaçmaq isə daha intensiv fəaliyyət olduğu üçün kalorilərin tez
yandırılmasına kömək edir və dözümlülüyü artırır. Lakin qaçış oynaq
və sümüklərə daha çox yük saldığı üçün düzgün idman ayaqqabısı
seçmək və texnikaya diqqət etmək vacibdir. Əgər məqsəd sadəcə
sağlam qalmaqdırsa, gündəlik gəzinti kifayət edər. Yox, əgər məqsəd
bədəni daha dözümlü etməkdirsə, o zaman qaçmaq daha faydalı ola
bilər.
- Fiziki aktivlik hansı xəstəliklərin qarşısını alır?
- Mütəmadi fiziki aktivlik bir çox xəstəliklərin qarşısını
almağa kömək edir. Məsələn, ürək-damar problemləri hərəkətsiz həyat
tərzi ilə birbaşa bağlıdır. İnsan nə qədər az hərəkət edirsə,
damarlarında qan dövranı bir o qədər zəifləyir və bu da yüksək qan
təzyiqinə, infarkt və insult kimi problemlərə səbəb ola bilər.
Hərəkət həm də çəkinin normada qalmasına kömək edir və artıq
çəkidən qaynaqlanan şəkərli diabet xəstəliyinin qarşısını alır.
Sümüklər və əzələlər də hərəkətsiz qaldıqda zəifləyir. Bu da
yaşlandıqca sağlamlıq problemləri yarada bilər.
Fiziki aktivlik yalnız fiziki xəstəliklərin deyil, həmçinin
psixoloji problemlərin də qarşısını alır. Davamlı şəkildə idman
edən insanlarda depressiya və stres daha az olur. Hərəkət azaldıqca
isə bədəndə artıq enerji toplanır, bu da piylənməyə səbəb olur.
Çəki artdıqca oynaq problemləri, bel ağrıları və digər problemləri
ortaya çıxa bilər.
- Uşaqlar üçün ən uyğun fiziki məşqlər hansılardır?
- Uşaqların enerjisi çox olduğu üçün gün ərzində hərəkətdə
olmaları həm fiziki, həm də zehni inkişafları üçün önəmlidir. Açıq
havada qaçmaq, velosiped sürmək və üzgüçülük kimi fəaliyyətlər
uşaqların həm əylənməsinə, həm də sağlam böyüməsinə kömək edir.
Eyni zamanda, komanda oyunları onların ünsiyyət bacarıqlarını və
birlikdə işləmə vərdişlərini inkişaf etdirir.
Valideynlər uşaqlarını passiv həyat tərzindən uzaq tutmalı, açıq
havada oynamağa, idman etməyə təşviq etməlidirlər.
- Bəs yaşlı insanlar üçün hansı idman növləri təhlükəsiz hesab olunur?
- Yaşlı insanlar üçün idman daha diqqətlə seçilməlidir.
Yaşlandıqca bədən əvvəlki kimi çevik olmur və bəzi fiziki
fəaliyyətlər riskli ola bilər. Buna görə də, yaşlılar üçün ən uyğun
idman növləri oynaq və sümüklərə yük salmayan, lakin bədəni
gücləndirən məşqlərdir.
Gəzinti ən yaxşı seçimlərdən biridir, çünki təhlükəsiz və
effektivdir. Gündəlik gəzinti oynaq sağlamlığını qorumağa kömək
edir. Suda edilən hərəkətlər də çox faydalıdır, çünki suyun dəstəyi
ilə bədən daha az yüklənir. Su aerobikası və ya üzgüçülük, bədənə
əlavə yük salmadan əzələləri gücləndirir və bədən elastikliyini
qoruyur. Həmçinin, yüngül dartınma hərəkətləri və ya sadə
gimnastika məşqləri yaşlı insanların daha sağlam və gümrah
qalmasına kömək edə bilər.
Yoqa və meditasiya isə həm bədənə, həm də zehnə rahatlıq verir.
Yaşlı insanlar hərəkətsiz qaldıqca əzələlər zəifləyir, buna görə də
gündəlik az da olsa fiziki aktiv olmaq çox vacibdir.
- İdman edərkən, hansi qidalardan uzaq durmaq lazimdir?
- İdman edən insanlar qidalanmalarına diqqət etməlidirlər, çünki
bəzi qidalar məşqin effektivliyini azalda bilər. Məsələn, qazlı və
şəkərli içkilər bədəni susuzlaşdırır və enerjini müvəqqəti artırsa
da, tez bir zamanda yorğunluq yaradır. Fast food və qızardılmış
yeməklər həzm sistemini yükləyərək məşqdən əvvəl və sonra ağırlıq
hissi yaradır.
Həmçinin, süni qatqılar və konservantlarla zəngin olan məhsullar
bədəndə lazımsız maddələrin toplanmasına səbəb ola bilər. Buna görə
də, idman edərkən təbii və balanslı qidalar qəbul etmək vacibdir.
Təzə meyvə-tərəvəz və bol su içmək daha yaxşı seçimdir.
- Günün hansı saatlarında məşqlər daha faydalıdır?
- İdmanın hansı saatda edilməsi fərdi seçimdən və insanın
gündəlik rejimindən asılıdır. Səhər idmanı maddələr mübadiləsini
sürətləndirir və günə enerjili başlamağa kömək edir. Səhər fiziki
fəaliyyət göstərən insanlar gün ərzində daha aktiv və məhsuldar ola
bilirlər.
Axşam saatlarında idman isə gün ərzində yığılan stresi azaltmağa
kömək edir. Axşam məşq edən insanlar günün sonunda rahatlıq hiss
edir və daha yaxşı yuxuya gedirlər. Lakin yatmazdan əvvəl məşq
etmək bəzi insanların yuxu rejimini poza bilər.
Əsas məsələ gün ərzində bədənin hərəkətsiz qalmamasıdır. İstər
səhər, istərsə də axşam idman etmək insanın sağlamlığına müsbət
təsir göstərəcək.
- İdman etməyən insanlar bədənlərini formada saxlamaq üçün hansı gündəlik məşqləri etməlidirlər?
- Hərəkətsiz həyat tərzi sağlamlıq üçün çox zərərlidir. Lakin
hər kəsin idman etməyə vaxtı və ya imkanı olmur. İdmanla məşğul
olmayan insanlar da gündəlik həyatlarına sadə hərəkətlər əlavə
edərək aktiv qala bilərlər. Bunun üçün gündəlik həyatda kiçik
dəyişikliklərlə, daha çox hərəkət etmək mümkündür. Məsələn, lift
əvəzinə pilləkənlərdən istifadə, işdə hər saat ayağa qalxıb hərəkət
etmək, qısa məsafələrə avtomobil və ya ictimai nəqliyyatla getmək
əvəzinə piyada getmək bu baxımdan faydalıdır. Ev işləri görmək,
bağçılıqla məşğul olmaq və ya hətta musiqi ilə hərəkət etmək belə
bədəni aktiv saxlaya bilər. Bundan əlavə, televiziya izləyərkən,
sadə hərəkətlər də sağlamlığa müsbət təsir edə bilər.
Hərəkət azaldıqca bədən süstləşir və müxtəlif sağlamlıq problemləri
ortaya çıxır. Buna görə də, idman etməsəniz belə, gündəlik
həyatınızda kiçik hərəkətləri artırmaq vacibdir.
Fiziki aktivlik sağlam həyatın ayrılmaz bir hissəsidir. Sağlam və
enerjili həyat sürmək üçün hərəkət etməyi vərdiş halına gətirmək
vacibdir. Bunun üçün ağır məşqlərə ehtiyac yoxdur. İnsan istər
peşəkar idmançı olsun, istərsə də sadəcə sağlam qalmaq üçün hərəkət
etməsi tövsiyə. Vacib olan bədəni passiv saxlamamaqdır. Hər kəs öz
bədəninə uyğun fəaliyyət növünü seçməli və bunu vərdiş halına
gətirməlidir.
Bilmək vacibdir ki, sağlam həyat tərzi hər gün atılan kiçik
addımlarla formalaşır.