Xocalı.Trend:
Xocalı rayonunun Xanyurdu kəndinə 19 ailə – ümumilikdə 62 nəfərin köçürülməsi başa çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, köç prosesi çərçivəsində ailələrə tam təmir olunmuş mənzillərin açarları təqdim edilib.
Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, işğaldan sonra təmir və bərpa aparılan kənddə sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Elektrik, qaz, içməli su, rabitə xətləri çəkilib, yol infrastrukturu yenilənib. Yaxın vaxtlarda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə veriləcək.
Köçürülmə zamanı sakinlər doğma yurdlarına qayıtdıqları üçün dövlət rəhbərliyinə minnətdarlıq ifadə ediblər. “İllərdir həsrətini çəkdiyimiz torpaqlara qovuşmaq bizim üçün böyük xoşbəxtlikdir. Burada bizim üçün hər bir şərait yaradılıb,” – deyə keçmiş məcburi köçkünlər bildiriblər.
Qeyd edək ki, Xanyurdu kəndinə köçürülmə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilir. Xanyurdu kəndinə bundan əvvəl 33 ailə (122 nəfər) köçürülüb.
XXX
14:39
Ağdam rayon dörd yol ərazisindən yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, 19 ailə olmaqla 62 nəfər artıq öz dədə baba torpağına Xanyurdu kəndində çatıb.
Daha sonra Xanyurduna çatan ailələrə evlərin açarları təqdim ediləcək.
xxx
13:38
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir ki, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 19 ailə olmaqla 62 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən Xocalı rayonunun Xanyurdu kəndində yola salınıb.
Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.