...

Gənc qızların sağlam gələcəyi düzgün qidalanma, gigiyena və profilaktik müayinələrdən başlayır - SN (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2025 11:02 (UTC +04:00)
Gənc qızların sağlam gələcəyi düzgün qidalanma, gigiyena və profilaktik müayinələrdən başlayır - SN (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mama-ginekoloq Kəmalə Əfəndiyeva Nazirliyin rəsmi saytına müsahibə verib.

Trend həmin müsahibəni təqdim edir:

- Kəmalə xanım, niyə qız uşaqlarında sağlamlıq vərdişləri erkən yaşlardan formalaşdırılmalıdır?

- Qız uşaqlarının sağlam inkişafı cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Cinsi yetkinlik dövrü başlayandan etibarən orqanizmdə baş verən bioloji, psixoloji və hormonal dəyişikliklər onların gələcək sağlamlığına bilavasitə təsir göstərir. Bu dövrdə qızlar bədənlərini tanımağa başlayır, özlərini və ətraf aləmi fərqli gözlə görürlər. Bu mərhələdə düzgün istiqamətləndirilmə və tibb mütəxəssislərinin maarifləndirici dəstəyi onların bədənlərinə qarşı məsuliyyətli münasibət formalaşdırmasına yardım edir. Erkən yaşlardan mütəmadi tibbi müayinələrin başlanması, düzgün gigiyenik vərdişlərin öyrədilməsi və emosional dayaq göstərilməsi, qadının həyat boyu fiziki və psixoloji sağlamlığını gücləndirən əsas amillərdəndir.

- Yeniyetmə dövründə menstruasiyanın əsasə əlamətkəri necə olmalıdır və hansı hallar həkimə müraciət tələb edir?

- Adətən menstruasiya 11-14 yaş arasında başlayır və ilk bir neçə ildə qeyri-müntəzəm ola bilər. Bu, bədənin yeni hormonal ritmə uyğunlaşması ilə izah olunur. Lakin əgər menstruasiya 16 yaşa qədər başlamayıbsa, bu artıq həkim müdaxiləsi tələb edən vəziyyətdir. Eyni zamanda, 6 aydan uzun fasilə, çox güclü və ağrılı qanaxmalar, həmçinin menstruasiya zamanı huş və ya iş qabiliyyətinin tam itməsi kimi hallar ciddi ginekoloji və endokrinoloji problemlərin əlaməti ola bilər.
Bu dövrdə aparılan sadə müayinələr – ultrasəs və qan testləri ilə yumurtalıq funksiyası, hormon səviyyələri və daxili cinsiyyət orqanlarının inkişaf vəziyyətini qiymətləndirmək mümkündür.

- Doktor, nə kimi hormonal dəyişikliklər gənc qızlarda sağlamlıq problemlərinə səbəb ola bilər?

- Yeniyetməlik dövründə hormonal sistemin aktivləşməsi bəzən balanssızlıqla müşahidə olunur. Bu zaman dəridə sızanaqların çoxalması, aybaşı pozğunluqları, tərləmənin artması, təkrarlanan baş ağrıları, emosional dalğalanmalar və bədəndə arzuolunmaz tük artımı ilə rastlaşmaq olar. Bu hallar polikistik yumurtalıq sindromu (PKYS), qalxanabənzər vəzin pozğunluqları, prolaktin hormonunun artması və ya insulin dirənci kimi vəziyyətlərin əlaməti ola bilər. Bu cür problemlər nə qədər tez aşkarlanarsa, gələcəkdə sonsuzluq, piylənmə və metabolik sindrom kimi ağır nəticələrin qarşısını almaq bir o qədər mümkün olar.
Hormonal balansın qorunması həm reproduktiv sağlamlıq, həm də ümumi həyat keyfiyyəti üçün əsasdır.

- Gənc yaşda infeksiyalardan necə qorunmalı və şəxsi gigiyenada nələrə diqqət yetirilməlidir?

- İnfeksiyalar gənc yaşda immun sistemi hələ tam formalaşmadığı üçün daha asan baş verir. Xüsusilə düzgün gigiyenik vərdişlərin olmaması, sintetik alt paltarları, çox dar geyimlər, uyğun olmayan yuyunma vasitələri və ictimai yerlərdə gigiyena qaydalarına riayət edilməməsi infeksion riskləri artırır.
Qız uşaqlarına erkən yaşlardan düzgün şəxsi gigiyena qaydalarına, menstruasiya zamanı gigiyenik vasitələrin vaxtında dəyişdirilməsi və şəxsi əşyaların paylaşılmaması aşılanmalıdır. Cinsi aktivlik başlayandan etibarən isə qorunmasız əlaqələrdən uzaq durmaq, müntəzəm yoxlamalar və lazım gəldikdə vaksinasiya – məsələn, HPV peyvəndi – gələcəkdə ciddi xəstəliklərdən qorunmağa kömək edir.

- Psixoloji gərginlik və bədənlə bağlı komplekslər qızlarda necə aradan qaldırılmalıdır?

- Gənc yaşda bədəndəki dəyişikliklər – süd vəzlərinin böyüməsi, çəki artımı, dəridə dəyişikliklər – bəzən qızlarda utanma, narahatlıq və özgüvən əskikliyi ilə müşayiət olunur. Burada ailənin, müəllimlərin və həkimlərin dəstəyi çox vacibdir.
Onlara bədənlərinin fərqli, gözəl və dəyərli olduğunu izah etmək, psixoloji dəstək vermək və ehtiyac olduqda psixoloqla işləmək gələcəkdə depressiya və psixosomatik xəstəliklərin qarşısını ala bilər. Sağlam psixoloji inkişaf - sağlam fiziki inkişafın zəminidir.

- Gənclik dövründə düzgün qidalanma və fiziki aktivlik niyə önəmlidir?

- Sağlam və balanslı qidalanma qızların hormonal tarazlığının və sümük inkişafının qorunması üçün əsas amildir. Gənc qızların rasionunda zülallar, kalsium, D vitamini, dəmir və liflə zəngin məhsullar üstünlük təşkil etməlidir. Eyni zamanda, qazlı içkilər və yüksək şəkərli məhsullardan uzaq durmaq tövsiyə olunur.
Fiziki hərəkətsizlik piylənmə riskini artırır. Bu isə, öz növbəsində, menstruasiya pozğunluqları, PKYS və gələcəkdə ürək-damar xəstəliklərinə yol aça bilər. Hər gün orta intensivlikdə fiziki aktivlik – gəzinti, üzgüçülük, rəqs və ya idman – həm bədəni möhkəmləndirir, həm də psixoloji rahatlıq yaradır.

- Profilaktik ginekoloji müayinələrə nə vaxt başlamaq lazımdır?

- Profilaktik ginekoloji baxış cinsi aktivlik başlamadan öncə də həyata keçirilə bilər. 13-15 yaşından etibarən, fiziki dəyişikliklər varsa, ilk mama-ginekoloq müayinəsi tövsiyə olunur.
Bu müayinə adətən invaziv deyil, sadə sorğu, fiziki müayinə və ultrasəs ilə aparılır. Gənc qız bu prosesdə sakitləşdirilir, ona baş verən dəyişikliklər izah olunur və bədənini qorumağın yolları öyrədilir. Profilaktik baxışlar zamanı bəzən gizli yumurtalıq kistaları, uşaqlıq anomaliyaları və ya hormon çatışmazlıqları erkən aşkarlanaraq müalicəyə başlanılır.
Beləliklə, həm psixoloji, həm də reproduktiv sağlamlıq üçün gələcəkdə risklər minimuma endirilir.

- Ailə, məktəb və cəmiyyət gənc qızların sağlamlığına necə dəstək ola bilər?

- Qız uşaqlarının sağlamlığı ailədən və məktəbdən başlayır. Analar və müəllimlər gənc qızlara sağlam bədən, gigiyena, düzgün qidalanma və emosional dəstək mövzularında açıq şəkildə danışmağı bacarmalıdırlar. Cinsi tərbiyə və ginekoloji maarifləndirmə normal həyatın tərkib hissəsi olmalıdır.
Eyni zamanda, sağlam və ya inkişaf qüsurlu uşaq dünyaya gətirən anaların da bu sahədə düzgün məlumatlandırılması vacib məsələdir. Bəzən genetik meyllilik, hamiləlik zamanı düzgün nəzarətin aparılmaması və ya ana sağlamlığının yetərincə qorunmaması nəticəsində uşaqlarda müxtəlif inkişaf problemləri müşahidə oluna bilər. Belə halların qarşısını almaq və gələcək hamiləliklərdə riskləri azaltmaq üçün qadınlara zamanında genetika, qidalanma, vitamin dəstəyi və ginekoloji nəzarətlə bağlı maarifləndirici məlumatlar verilməlidir.
Qız uşaqlarının maarifləndirilməsi təkcə onların şəxsi sağlamlığını deyil, eyni zamanda gələcək anaların və bütöv cəmiyyətin sağlamlığını müəyyən edir.
Sonda qeyd etmək istərdim ki, gənclikdə atılan hər addım qadın sağlamlığının təməlini qoyur. Bu, istər düzgün qidalanma, istər gigiyenik qaydalara riayət, istərsə də tibbi nəzarət altında olmaq – qadının gələcək sağlamlığı üçün təməl rolunu oynayır.
Mama-ginekoloq olaraq tövsiyəmiz odur ki, gənc qızlarımıza yalnız xəstəlik hallarında deyil, sağlam olduqları zaman da bədənlərini tanımağı, sevməyi və qorumağı öyrədək. Beləliklə, həm sağlam analar, həm də sağlam cəmiyyət yetişdirə bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti