Bakı.Trend:
“ASAN xidmət” 13 il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və bu, onun innovasiya platformasıdır. Qısa müddət ərzində Azərbaycanda tətbiq olunan bu xidmət sahəsinin innovasiyaları uğurla həyata keçirildi və artıq ölkə hüdudlarından kənara da ixrac edilməyə başladı.
Trend xəbər verir ki, bu fikirləri bu gün ASAN xidmət-in ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış mərasimindəki çıxışı zamanı AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, hazırda 30-a yaxın ölkə Azərbaycan ASAN xidmət modelinin tətbiqi üçün araşdırmalar aparır. Bu, bir neçə səbəbdən irəli gəlir:
"ASAN-ın innovasiyalara açıq olması, yeni ideyaların dəstəklənməsi onun beynəlxalq səviyyədə tanınmasına və tətbiq edilməsinə şərait yaradan əsas amillərdən biridir”.
Dövlət Agentliyinin sədri bildirib ki, bu gün süni intellekt sahəsinin əhəmiyyəti haqqında danışmaq artıq zərurətə çevrilib:
“Ən son məlumatlara görə, süni intellekt bazarının dəyəri artıq 800 milyard ABŞ dollarına çatıb. Proqnozlara əsasən, 2030-cu ilə qədər bu rəqəm bir neçə trilyon dollar olacaq. Artıq 400 milyona yaxın insan süni intellekt həllərindən müxtəlif formalarda istifadə edir”.
O əlavə edib ki, beynəlxalq şirkətlərin və ümumilikdə biznes dünyasının təxminən 70%-i ən azı bir süni intellekt həllini öz biznes proseslərində tətbiq edir.
“Bu isə onu göstərir ki, süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İqtisadiyyatda, sənayedə, səhiyyədə, təhsildə, sosial və şəxsi həyatda mühüm vasitədir. Azərbaycan da bu qlobal trendlərə adekvat cavab verməkdə geri qalmır. Bildiyiniz kimi, bu ilin mart ayında Prezidentin Sərəncamı ilə 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası qəbul olundu. Bu sənəddə süni intellektin inkişafı ilə bağlı ciddi tapşırıqlar və dövlət üzrə ümumi bir çərçivə müəyyən edilib”, - sədr vurğulayıb.
Ü. Mehdiyev əlavə edib ki, Azərbaycan dövləti bu sahədə geridə deyil, əksinə, qabaqcıl ölkələr sırasında olmaq iradəsini ortaya qoyur və süni intellektin idarəetmədə, iqtisadiyyatda, sənayedə və digər sahələrdə tətbiqini prioritet elan edir.
