Bakı. Trend:
İşçilərə intizam tənbehinin verilməsi qaydalarında dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
Layihəyə əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə Əmək Məcəlləsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilməyəcək.
Mövcud qanunvericiliyə görə, məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
Layihəyə əsasən, məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsində nəzərdə tutulan işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməz.
Mövcud qanunvericiliyə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsində nəzərdə tutulan əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəllə sində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə ləğv etmək intizam tənbehini verə bilər. İntizam tənbehi verilən gündən 6 ay müddətində qüvvədə olur. Layihəyə əsasən, sözügedən intizam tənbehi bu xüsusda istisna təşkil edəcək.
