Bakı. Trend:
Azərbaycanla Oman arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
29 oktyabr 2025-ci il tarixində Məsqət şəhərində imzalanan Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş iki dövlət arasında qarşılıqlı səfərlərin sadələşdirilməsini və müvafiq pasport sahibləri üçün vizasız rejimin tətbiqini nəzərdə tutur. Saziş bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında bağlanıb.
Sazişə əsasən, Tərəflərin etibarlı diplomatik, xüsusi və xidməti pasportlarına malik vətəndaşları digər Tərəfin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə bilərlər. Qalma müddəti hər 180 gün ərzində 90 gündən artıq olmamalıdır. Qalma müddətinin uzadılması qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq viza əsasında həyata keçirilir.
Saziş çərçivəsində dövlət ərazisinə daxil olan pasportların giriş tarixindən etibarən azı 6 ay müddətində etibarlı olması tələb olunur. Vizasız rejimdən istifadə edən şəxslər qəbul edən dövlətin miqrasiya, sərhəd, gömrük və ictimai təhlükəsizlik sahəsində qanunvericiliyinə riayət etməlidirlər.
Saziş digər Tərəfin ərazisində akkreditə olunmuş diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların üzvlərinə, habelə onların ailə üzvlərinə də şamil edilir.
Hər bir Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya ictimai sağlamlıq maraqları naminə Sazişin tətbiqini tam və ya qismən müvəqqəti dayandıra bilər və bu barədə digər Tərəfi diplomatik kanallar vasitəsilə məlumatlandırır.
"Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
