...

Bayram günlərində paytaxtdan bölgələrə bu qədər sərnişin daşınıb

Cəmiyyət Materials 5 Yanvar 2026 12:22 (UTC +04:00)
Bayram günlərində paytaxtdan bölgələrə bu qədər sərnişin daşınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 29 dekabr–4 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə AYNA tərəfindən nəzarət olunub.

Bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1834 reys həyata keçirilib, 52410 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 3672 reyslə 37194 sərnişin daşınıb.

Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Ümumilikdə sərnişinlərin 50%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti