Bakı. Trend:
Qanlı Yanvar hadisələrindən 36 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
Trend xəbər verir ki, səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülüb.
Xatırladaq ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Xəbər yenilənəcək
