Bakı. Trend:
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan bütün yaşayış məntəqələrində olduğu kimi Xocalı da yenidən qurulur və inkişaf edir. Xocalı şəhəri və 7 kənd daxil olmaqla rayonda artıq 4 mindən çox sakin məskunlaşıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, 75 mindən çox vətəndaşın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir. Bu ilin sonunadək işğaldan azad olunan ərazilərdə 150 mindən çox vətəndaşın yaşayacağı deməkdir.
“Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir”.
Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var.
“Bu isə yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacağını göstərir və işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir”, - deyə V.Bayramov qeyd edib.
