"Beynəlxalq turnirlərdə qələbələrə imza atmaq üçün "Neftçi" futbol klubuna hər bir dəstək göstəriləcəkdir". Trend informasiya agentliyi xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev iyunun 24-də Bakı Əyləncə Mərkəzində keçirilmiş 2004-2005-ci futbol mövsümünün qızıl medallarının təltif olunması mərasimində çıxışı zamanı bildirmişdir.
Onilliklər boyu azərbaycanlıların ən sevimli komandası olan "Neftçi" futbol klubunun müstəqillik illərində dördüncü dəfə Azərbaycan çempionu olmasından şərəf duyduğunu qeyd edən Natiq Əliyev, rəhbərlik etdiyi qurumun komandaya bundan sonra da yardımlar göstərəcəyini bildirmişdir.
"Bu gün, bu salonda "Neftçi"nin ölkə çempionu olması şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi. Arzu edirəm və inanıram ki, müstəqil dövlətimizin bu möhtəşəm himnini "Nefti" futbol klubu dünyanın məşhur stadionlarında da səsləndirəcəkdir. O gün çox da uzaqda deyildir", - deyə Natiq Əliyev vurğulamışdır.
Qeyd edək ki, mərasimdə, "Neftçi" futbol klubunun üzvlərinə qızıl medallarla yanaşı, diplomlar və ARDNŞ tərəfindən təsis edilmiş qiymətli mükafat da təqdim olunmuşdur.
Xatırladaq ki, dünən həmçinin 2005-2006-cı mövsumdə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Bakının "Neftçi" futbol klubunun rəqibi də müəyyən olunmuşdur. Bu, İslandiyanın "Hafnarfyord" komandasıdır.
Seçmə mərhələ yarışlarının ilk oyunu iyulun 12-də Bakıda, təkrar görüş isə bir həftə sonra İslandiyada keçiriləcəkdir.