...

JURNALİSTLƏRİN MİTİNQ-YÜRÜŞÜ "QƏLƏBƏ" MEYDANINDAN FƏXRİ XİYABANADƏK OLAN MARŞRUT ÜZRƏ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 15 İyul 2005 16:37 (UTC +04:00)

Jurnalistlərin iyulun 17-ə planlaşdırdığı mitinq-yürüş "Qələbə" kinoteatrının qarşısındakı meydandan başlayaraq üçüncü Fəxri Xiyabana qədər olan marşrut üzrə keçiriləcək. Trend in məlumatına görə, iyulun 15-də aksiyanın təşkilatçılarının toplantısı keçirilib və Bakı Şəhər İcra Hakimiyyətinin təklifi ilə razılaşıblar.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti iyulun 15-də jurnalistlərin müraciətinə cavab verib, aksiyanın nəzərdə tutulduğu kimi Milli Elmlər Akademiyasının qarşısında mitinq, oradan Fəxri Xiyabana qədər yürüş keçirilməsi məqsədəuyğun hesab edilməyib. Əvəzində Bakı Şəhər İcra Hakimiyyəti təklif edib ki, "Qələbə" kinoteatrının qarşısında mitinq keçirilsin, oradan Mətbuat prospektindən keçməklə üçüncü Fəxri Xiyabana qədər yürüş olsun.

İyulun 17-də - "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun doğum günündə saat 17.00-da mitinq başlanacaq, 19.00-dək onun dəfn olunduğu üçüncü Fəxri Xiyabanadək yürüş keçiriləcək. Mitinqdə Elmar Hüseynovun qatillərinin və sifarişçilərinin tapılması, cəzalandırılması, jurnalistlərə qarşı təqiblərə, cinayətlərə son qoyulması tələbləri səsləndiriləcək, sonra mərhum redaktorun məzarı ziyarət olunacaq.

Xəbər lenti

Xəbər lenti