...

Vərəmə yoluxmuş dustağın iddiası üzrə məhkəmə iclası başlayıb

Cəmiyyət Materials 15 Dekabr 2005 18:58 (UTC +04:00)

Dekabrın 15-də Bakı şəhəri, Səbail rayon Məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə Qobustan Qapalı Həbsxanasında cəza çəkən Natiq Mirzəyevin iddiası üzrə məhkəmə iclası keçirilib. Bu barədə Trend ə hüquq müdafiəçisi Eldar Zeynalov məlumat verib.

Ömürlük həbsə məhkum edilmiş N.Mirzəyevin həmin məhkəmə qarşısında qaldırdığı iddia 1 saylı İstintaq Təcridxanasının keçmiş rəhbərliyi ilə bağlıdır. Dustaq iddia edir ki, həmin nəzarətçilərin laqeydliyi uzbatından vərəmə yoluxub. Təcridxananın keçmiş rəhbərliyinə vərəmin ilk simtomlarını hiss etməsi barədə müraciət etsə də onun müraciətləri nəzərə alınmayıb. Dustaq sağlamlığına dəymiş zərərlə əlaqədar təcridxananın və Qobustan Qapalı Həbsxananın keçmiş rəhbərliyindən 20 min avro təzminat tələb edib.

Məhkəmə zamanı aydınlaşdırılıb ki, 1 saylı istintaq təcridxanasının xəstəxanasında 1250 yerdən 200 yeri boş olmasına baxmayaraq xəstə dustaq Natiq Mirzəyev xəstəxanaya yerləşdirilməyib. Qobustan həbsxanasının keçmiş rəhbərliyi isə onu separatçılıqda təqsirləndirilərək ömürlük həbsdə məhkum olunan və həbsxanada vərəmə yoluxmuş Əlikram Hümbətovla eyni kamerada saxlayıb. Məhkəmədə cavabdeh tərəfi 1 saylı istintaq təcridxanasının 1 nəfər zabiti təmsil edib.

Tərəflər dinlənildikdən sonra hakim məhkəmə iclasının yanvar ayının 4-nə qədər fasilə verildiyini elan edib. Həmin tarixdə məhkəmə qərarı elan olunacaq.

Xəbər lenti

Xəbər lenti