Azərbaycanın obbudsmanı Elmira Süleymanova istehlakçıların hüquqları üzrə beynəlxalq təşkilatların nümayəndələri - Beynəlxalq münaqişələrin həlli mərkəzinin direktoru Daniel Makfaddeni və Consumers International (CI) təşkilatının əlaqələndiricisi Yelena Volfla görüşüb. Bu barədə Trend ə Azərbaycan ombudsmanın apparatından məlumat verilib.
Ombudsman qonaqları Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qəbul edilmiş qanunvericiliklə tanış edib. Onun sözlərinə görə, bu məsələ ölkə hökumətinin diqqət mərkəzindədir.
D.Makfadden istehlakçıların hüquqları ilə bağlı yaranan münaqişələr zamanı ombudsmanın vasitəçilik funksiyasını xüsusilə qeyd edib. Ombudsmanın diqqətinə çatdırılıb ki, cari ilin yanvarından başlayaraq, CI Avropa Komissiya ilə Azərbaycanın Azad İstehlakçılar Birliyi ilə birgə ölkədə istehlakçı hüquqlarının müdafiəsinə yönəlmiş layihə hazırlanır.
Azərbaycan ombudsmanı yardım göstərməyə və əməkdaşlığa hazır olduğunu ifadə edib.