...

Tomris Azəri: ABŞ-da dünya azərbaycanlılarının II konqresi ilə bağlı tədbir keçirilir

Cəmiyyət Materials 16 Mart 2006 18:22 (UTC +04:00)

Nyu-Yorkun Bruklin dairəsində (ABŞ) martın 16-da dünya azərbaycanlılarının II konqresinin keçirilməsi qeyd olunur. Trend in məlumatına görə, Azərbaycan-Amerika cəmiyyətinin sədri Tomris Azəri Bakıda keçirilən konqres iştirakçıları qarşısında çıxış edərkən bu barədə bildirib.

Onun sözlərinə görə, bu, dairənin rəhbəri Martin Markoviçin sərəncamı nəticəsində mümkün olub.

T.Azəri həm də məmnunluqla bildirib ki, Nyu-Yorkun meri Maykl Blumberq ilk dəfə olaraq Novruz bayramının keçirilməsi fikrini bəyan edib. Bayram martın 28-də merin evində rəsmi qəbul kimi keçiriləcək.

"Biz inanırıq ki, diasporun fəaliyyəti sayəsində ABŞ və Azərbaycan arasındakı qarşılıqlı münasibətlər yeni səviyyəyə çatacaq"-deyə cəmiyyətin sədri qeyd edib. "Son beş il ərzində cəmiyyətin fəaliyyəti daha çox əhəmiyyət kəsb edir"-deyə T. Azəri qeyd edib. Xüsusilə, onun sözlərinə görə, azərbaycanlıların Nyu-Yorkun yaxınlığında yerləşən milli mərkəzində bərpa işləri başlayıb. "İşlər başa çatandan sonra mədəniyyət mərkəzi ABŞ-da Azərbaycan haqqında hərtərəfli məlumatların yayılmasına, Bakıdan yüksək vəzifəli qonaqların qəbul edilməsinə və Amerika ictimaiyyətinin rəsmi şəxslərinin iştirakı ilə forumlar keçirilməsinə imkan verəcək"-deyə T.Azəri bildirib.

Azərbaycan-Amerika cəmiyyətinin sədri həmçinin qeyd edib ki, Azərbaycanın milli dəyərlərinin təbliği ilə bağlı işlərin gücləndirilməsi məqsədilə onun rəhbərlik etdiyi qurum ABŞ-ın bir sıra ictimai təşkilatları ilə səyləri birləşdirib.

Sonda T.Azəri Azərbaycanın yüksək "Şöhrət" ordeni ilə təltif olunmasına görə prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti