...

"Əl-Qaidə"nin Azərbaycanda həbs olunmuş üzvlərinin məhkəməsi başlanıb

Cəmiyyət Materials 11 Aprel 2006 15:34 (UTC +04:00)

Aprelin 11-də Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə "Əl-Qaidə" terror təşkilatı üzvlərinin məhkəməsi başlanıb. Trend xəbər verir ki, məhkəmə qarşısında təşkilatın 16 üzvü dayanıb.

Müttəhimlər kürsüsündə Azərbaycan vətəndaşları ilə yanaşı Türkiyə, Dağıstan, Yəmən və Çeçenistan vətəndaşları da əyləşib. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 279 (qanunvericilkdə nəzərdə tutulmayan silahlı dəstə yaratma), 228 (qanunsuz olaraq odlu silah əldə etmə), 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zot tətbiq etmə), 318 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 214 (terrorçuluq) və 320 (rəsmi sənədləri qanunsuz yolla hazırlama və ya saxta sənəddən istifadə etmə) maddələri ilə təqsirləndirilirlər.

Cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılıb. İstintaq yolu ilə müəyyən edilib ki, mütəşəkkil dəstələrin əsas görüş yeri Bakıda fəaliyyət göstərən Əbu-Bəkr məscidi olub. Belə ki, silah, döyüş sursatı, əsgər geyimi və cinayətdə istifadə olunan digər ləvazimatlarla təchiz olunan mütəşəkkil dəstənin üzvləri Azərbaycanda bir sıra ağır cinayətlər, o cümlədən qətl törətməklə yanaşı Çeçenistanda Rusiya ordusuna qarşı vuruşmağı planlaşdırıblar. Bununla əlaqədar dəstə üzvləri dəfələrlə Azərbaycanın dövlət sərhədindən gizli yolla Dağsıtana hərbi geyim, silah və dini kitablar keçiriblər.

Cinayət işinin materiallarında o da qeyd olunur ki, dəstənin 5 üzvünün əyləşdiyi avtomobil 2005-ci ilin iyul ayında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılıb. Dəstə üzvləri "Makarov" tipli tapançadan polis əməkdaşlarına tərəf atəş açıblar. Nəticədə polis nəfəri Mövlan Əlibəyov yaralanıb. Buna baxmayaraq hadisə yerində olan digər polis əməkdaşları cinayətkarları zərərsizləşdirə biliblər.

Xəbər lenti

Xəbər lenti