Milli Məclisin payız sessiyasında millət vəkillərinin cəbhə bölgələrinə səfərlərin təşkil olunması ilə bağlı məsələ qaldırılacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi-siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov bildirib.
Qeyd edək ki, Vahid Əhmədov daxil olmaqla 7 millət vəkili iyunun 17-18-də Füzuli, Beyləqan və Cəbrayıl cəbhə bölgələrində səfərdə olublar.
Millət vəkili qeyd edib ki, belə səfərlər mütəmadi xarakter daşımalıdır: "İndi sessiya arası tətildir. Payız sessiyasında təşəbbüslə çıxış edəcəyik ki, millət vəkillərindən ibarət ayrı-ayrı qruplar forimalaşdırılıb cəbhə bölgələrinə səfər etsinlər. Məqsədimiz millət vəkillərinin Azərbaycan ordusunun bu günkü vəziyyəti ilə tanış olmaq və ordunun üzləşdiyi problemlərin çözülməsi ilə bağlı səlahiyyətlərindən istifadə edib lazımi instansiyalara müraciət etməkdir".
V.Əhmədov onu da bildirib ki, iyunun 17-18-də Cəbrayıl, Füzuli və Beyləqanda yerləşən "N" saylı hərbi hissələrə səfərləri sonuncu olmayacaq. Yeni belə səfərlər planlaşdırılıb.