Azərbaycanın Təhsil Nazirliyi və aparıcı texnologiyaların dünya tədarükçüsü Hewlett Packard (HP) şirkəti Azərbaycanda birgə pilot layihəni həyata keçirməyi planlaşdırırlar. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, layihə paytaxt və bölgələrin 10 məktəbini əhatə edəcək. Layihənin məqsədi yüksək texnologiyalar vasitəsilə şagirdlərin valideynlərinə onların məktəbdəki uğurları və davamiyyəti ilə tanış olmaq imkanı verilməsindən ibarətdir. Layihə şirkət mütəxəssislərinin iştirakı ilə həyata keçiriləcək. Hazırda layihənin dəyəri hesablanır.
Nazir qeyd edib ki, hazırda Azərbaycanda kompüter və məktəblilər arasındakı nisbət 1:1000-dir. Bu yaxınlarda qəbul edilmiş dövlət proqramına əsasən isə, bu rəqəm 1:33 olmalıdır.