Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elmira Axundova sessiyanın növbəti iclasında qeyri-leqal miqrantların əsas hüquqları barədə məsələnin müzakirəsində çıxış edib. Trend xəbər verir ki, deputatımızın çıxışı tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
E.Axundova deyib ki, məruzə qeyri-leqal miqrantların qarşılaşdıqları başlıca problemləri çox ətraflı və dəlillər əsasında təhlil edir və bu kateqoriyadan olan insanların müdafiəsi üçün dəyərli tövsiyələr verir. Lakin bu tövsiyələrin bir çoxu mənə utopik görünür: "Azərbaycan hələ 1990-cı illərin əvvəllərində, Ermənistanda aparılmış etnik təmizləmələrə görə məcburi miqrasiyanın olduqca böyük axını ilə üzləşib. Azərbaycan minlərlə Mesxeti türkünə, çeçenə öz ərazisində yaşamaq hüququ verdi. Hazırda Azərbaycan güclü iqtisadi inkişafı, irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə əlaqədar əmək miqrasiyası üçün daha cəlbedici olur. Ona görə də Azərbaycan qeyri-leqal miqrasiya probleminə həmişə ciddi yanaşıb və qeyri-leqal miqrantların minimum hüquqlarının təmin olunması üçün istifadə edilə biləcək beynəlxalq sənədlərin, əslində, hamısına qoşulub".
E.Axundova bildirib ki, məsələ ilə bağlı Ed van Teynin məruzəsində deyildiyi kimi, Azərbaycan bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında BMT-nin Konvensiyasını Avropa Şurasının üç üzv dövləti sırasında birinci ratifikasiya edib. Bundan başqa, Azərbaycan parlamenti miqrantların hüquqi vəziyyətini tənzimləyən iki xüsusi qanun qəbul edib.
Millət vəkili bununla yanaşı, problemin mahiyyəti barədə bir sıra iradlarını da bildirib: "Məsələ ondadır ki, məruzədə kütləvi qeyri-leqal miqrasiyaya gətirib çıxaran əsas səbəblər göstərilməyib, yaxud çox səthi göstərilmişdir. Məruzədə deyilir ki, Avropa təklif etdiyi imkanlara görə qeyri-leqallar üçün bundan sonra da cəlbedici olacaqdır. Mən problemin bu cür qoyuluşu ilə razı deyiləm: istənilən halda, hər bir insan üçün ən cəlbedici ölkə onun öz vətənidir və insanlar Avropanın, yaxud hansısa digər qitənin daha cəlbedici olduğuna görə miqrasiya etmirlər. Məhz ona görə edirlər ki, vətənlərində onların yaşamaq üçün ciddi problemləri var. Azərbaycanda yaranmış vəziyyətə nəzər salaq, hərçənd həmin proseslər Cənubi Qafqazın bütün ölkələri üçün bu və ya digər dərəcədə səciyyəvidir".