Macarıstanda erməni zabiti Qurgen Markaryanın qətlində ittiham olunaraq ömürlük həbs cəzasına məhkum olunan Azərbaycan zabiti Ramil Səfərova qarşı qaldırılan ikinci iş üzrə məhkəmə sentyabrın 1 və 5-də keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, bu dəfə Ramil Səfərov həbsxana nəzarətçilərinə müqavimət göstərməkdə və onlaran tələblərini yerinə yetirməməkdə ittiham edilir.
2004-ci il iyunun 19-da Budapeşt həbsxanasında Ramil Səfrovun qaldığı kameraya gələn nəzarətçilər ondan telefon kartını tələb ediblər. Lakin Azərbaycan zabitinin bu tələbi yerinə yetirmədiyini görən nəzarətçilər onun əl-qolunu bağlamağa cəhd göstəriblər. Ramil Səfərov isə müqavimət göstərib. R.Səfərov izahatında göstərib ki, nəzarətçilər ona macar dilində müraciət edib. O isə bu dili bilmədiyindən nəzarətçilərlə anlaşmayıb. Bundan sonra isə 8 nəzarətçinin köməyi ilə onun qolları bağlanııb və zabitə fikizi güc tətbiq olunub. R.Səfərov bu məsələ ilə bağlı şikayət etməsə də, digər tərəf bu addımı atıb.
Səfirlikdən onu da bildiriblər ki, ikinci iş üzrə məhkəmə prosesi Peşt Mərkəzi rayon Məhkəməsində hakim Tot Bendverin sədrliyi ilə keçiriləcək. R.Səfərovun vəkili Klara Fişerdir. Səfirlikdən onu da bildiriblər ki, R.Səfərovun hüquqlarının qorunması istiqamətində iş aparılır. Səfirliyin nümayəndələri onunla və vəkillərlə görüşür, hadisələr nəzarətdə saxlanılır.
Onu da bildirək ki, erməni zabiti Qurgen Markaryanın qətlində ittihamlanan R.Səfərov 2006-cı il aprelin 13-də ömürlük həbs cəzasına məhkum olunub. Onun apellyasiya məhkəməsinin vaxtı isə hələ məlum deyil.