Sentyabrın 7-də Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxslərdən Sideq Abdulvahabov prokurorların suallarına cavab verib. Trend in xəbərinə görə, H.Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.
S.Abdulvahabov məhkəmədə verdiyi ifadəsindəki epizodlar ətrafında sualları cavablandırıb. O, xalq artisti Afaq Məlikovanın mənzilinin qarəti ilə bağlı sifarişin H.Məmmədovdan gəldiyini deyib. "Afaq Məlikovanın evindən yalnız qızıl əşyalarını oğurlamışdıq. Həmin qızılları H.Məmmədova verdim ki, qiymətləndirsin. Lakin bir neçə gün sonra H.Məmmədov qızılları mənə qaytararaq bildirdi ki, bunların vur-tut 3-4 min dollar qiyməti var. Bir sözlə, A.Məlikovanın evinin oğurlanmasından H.Məmmədov heç bir mənfəət əldə edə bilmədi".
Təqsirləndirilən şəxs həmçinin Nazim Paşayevin və sürücüsü Natiq Abbasovun oğurlanaraq öldürülməsi, Elşən Həsənovun, Cavid Manafovun oğurlanması, Viktor Əhmədovun xarici avtomobilinin quldurluqla ələ keçirilərək H.Məmmədova verilməsi epizodları ilə bağlı prokurorların suallarını ətraflı cavablandırıb.
S.Abdulvahabov həmçinin məhkəmənin nəzərinə çatdırıb ki, ibtidai istintaq vaxtı ondan dəstə üzvləri Nişat İsmaylov və Ədalət Əsədullayevin də həmin cinayətlərdə iştirak etmələri ilə bağlı ondan ifadələr alınıb. "Lakin bildirirəm ki, həmin ifadələr məndən təzyiq altında alınıb. Nə Nişat İsmaylov nə də Ədalət Əsədullayev həmin cinayətlərdə mənimlə birlikdə iştirak etməyib".
Məhkəmə iclası S.Abdulvahabovun zərərçəkənlər və vəkillərin suallarına cavab verməsi ilə davam edir.