...

Apostol Nunsiaturasının Müvəqqəti işlər üzrə müvəkkili Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri ilə görüşüb

Cəmiyyət Materials 19 Sentyabr 2006 18:57 (UTC +04:00)

Sentyabrın 19-da təcili missiya ilə Bakıya gələn Apostol Nunsiaturasının Müvəqqəti işlər üzrə müvəkkili Rolandas Makritskas Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Bu barədə Trend ə QMİ-dən məlumat verilib.

Görüş zamanı R.Makritskas bildirib ki, Vatikan tərəfindən ona QMİ sədrinə Roma Papası adından bəzi sənədlər təqdim etmək tapşırığı verilib. R.Makritskas təəssüflə bildirib ki, Roma Katolik kilsə başçısının son çıxışı xoşagəlməz reaksiya doğurub, müsəlmanların etiraz və qəzəbinə səbəb olub. O qeyd edib ki, bu, heç vəchlə Vatikanın və onun başçısının İslam dininə və müsəlmanlara qarşı münasibətindən qaynaqlanmır.

Cənab R.Makritskas Şeyxülislam həzrətlərindən xahiş edib ki, Vatikanın Azərbaycan xalqına və İslama hörmət və ehtiramını müsəlmanlara çatdırsın və baş vermişləri anlaşılmazlıq kimi qəbul etsin.

Roma Papasının ona ünvanladığı və bu fikirləri ifadə edən sənədləri qəbul edərkən A.Paşazadə vurğulayıb ki, din xadimləri, ələlxüsus, dini liderlərin müqəddəs borcu dini, milli mənsubiyyətindən asılı olmayaraq insanlar arasında qarşılıqlı hörmət və səmimiyyət yaratmaqdır.

XYİ Benediktin sələfi İİ İohan Pavellə görüşünü xatırladan Şeyxülislam həzrətləri mərhum Papanın məhz səmimi dinlərarası dialoq, qarşılıqlı hörmət və dini dözümlülüyün bəşəriyyəti sülhə və əmin-amanlığa qovuşdurmaq iqtidarında olması barədə fikirlərini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti