...

Qənirə Paşayeva: "Pedaqoji institutların filialları bağlanmalıdır"

Cəmiyyət Materials 21 Sentyabr 2006 17:44 (UTC +04:00)

Azərbaycan Müəllimlər İnstitutunun və digər pedaqoji institutların bölgə filialları bağlanmalıdır. Trend xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Qənirə Paşayeva müxalifətyönlü Demokratik İslahatlar Partiyasının "Təhsil islahatlarının konseptual istiqamətləri" mövzusunda sentyabrın 21-də keçirdiyi dəyirmi masada bildirib.

Q.Paşayeva qeyd edib ki, təhsil sahəsində yaranmış problemlərin həllini yalnız Təhsil Nazirliyindən gözləmək olmaz: "Təhsil cəmiyyətin məsələsidir. Yaxşı olardı ki, bu dəyirmi masada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Prezident Aparatı yanında təhsil komissiyasının rəsmiləri, özəl ali məktəb rəhbərləri də iştirak edəydilər. Burada müzakirə olunan məsələri dinləyəydilər".

Millət vəkili bildirib ki, öncə məktəbəqədər müəssisələrdə vəziyyəti yaxşılaşdırmaq lazımdır: "Bu sahəyə investisiya qoyan iş adamları bir müddət vergidən azad olmalıdırlar. Valideyn məktəbdə təhsil alan övladına nəzarət etməlidir". Millət vəkili Türkiyədə belə bir prosesin olduğunu dəyirmi masa iştirakçılarına xatırladıb. Bildirib ki, Türkiyədə Valideyn-Məktəb Assasiasiyaları yaradılıb: "Bəzi hallarda isə valideynlər savadsız müəllimləri məktəbdən uzaqlaşdırırlar".

Təhsildə ciddi islahatların aparılmasını qeyd edən millət vəkili müəllimlərin əmək haqlarının iki dəfə artırılması ilə heç nəyə nail olunmayacağını bildirib: "Bir çox məktəblərdə savadsız və pedaqoji sahədən belə anlayışı olmayan müəllimlər çalışırlar. Bu gün məktəblərdə müəllim sözünə hörmət bəslənilmir. Müstəqillik qazandıqdan sonra Azərbaycan təhsil sistemində sözün əsl mənasında müəllim yetişməyib". Q.Paşayeva belə müəllimlərin ixtisara salınması təklifi ilə çıxış edib. "İndi hər yerindən duran müəllim diplomu əldə edir. Pedaqoji institutların bölgələrdə açılan filialları hansı savadlı müəllim yetişdirə bilər? Həmin institutlarda dərslər keçirilmir".

Q.Paşayeva bəzi kəndlərdə açılan kiçik məktəblərin birləşdirilməsinin də zəruriliyindən danışıb. Millət vəkili yataqxana probleminə də toxunub. Bildirib ki, ucqar bölgələrdən Bakıya təhsil almaq üçün gələn tələbənin burada ev kirayələməyə maddi gücü çatmır. Millət vəkili məktəb direktorlarının da seçki yolu ilə seçilməsi təklifi ilə çıxış edib. Bildirib ki, dünən institutu bitirən şəxs bu gün hansısa məktəbin direktoru təyin oluna bilməz.

Xəbər lenti

Xəbər lenti