"Rusiya ilə Gürcüstan arasında yaranmış narazılıqlarla bağlı Moskvadakı mənfi əhval-ruhiyyə orada yaşayan azərbaycanlılara təsir göstərmir". Bu fikirləri Trend ə açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) Moskva şəhər təşkilatının rəhbəri İlqar Hacıyev bildirib.
İlqar Hacıyevin sözlərinə görə, Rusiyada yerli əhalinin yalnız gürcülərə qarşı müəyyən narazılıqları olur. Lakin bu münasibət ümumilikdə bütün Qafqaz xalqlarına aid deyil. İ.Hacıeyvin Moskvada yaşayan azərbaycanlıların hər hansı bir təzyiqə məruz qalmadığını deyib.
"Azərbaycanlılara təzyiqlərlə bağlı Ümumrusiya Azərbaycanlıları Konqresinə hər hansı bir şikayət, yaxud müraciət daxil olmayıb. Doğrudur, Rusiya ilə Gürcüstanın münasibətlərində yaranan gərginliklə əlaqədar olaraq Moskvada ümumi əhval-ruhiyyəni yaxşı qiymətləndirmək olmaz və bu vəziyyət biz azərbaycanlılar üçün də ürəkaçan deyil. Çünki hər ikisi Azərbaycana yaxın və qonşu dövlətdir, bu xalqlarla biz burada uzun illərdir bir yerdə yaşayırıq. Ona görə də rusların və gürcülərin problemləri bizə yad deyil"-deyə İlqar Hacıyev qeyd edib.
O əlavə edib ki, ÜAK vəziyyəti nəzarətdə saxlayır və həmvətənlərimizin problemləri olanda onlarla maraqlanır. Lakin hələlik Rusiya-Gürcüstan münasibətlərinin gərginliyi Rusiyada yaşayan azərbaycanlılar üçün təhlükə yaratmır.