"Azərbaycan prezidentinin Latviyaya səfəri bu ölkədə yaşayan azərbaycanlılar üçün böyük bir bayrama çevrildi". Bu fikirləri Trend ə açıqlamasında Latviyada fəaliyyət göstərən "Azəri" cəmiyyətinin və bu yaxınlarda yaradılmış Latviya Azərbaycanlıları Konqresinin sədri Ulduzxan Əhmədov bildirib.
O qeyd edib ki, bu səfər Azərbaycan-Latviya münasibətlərinin daha da inkişafına və əməkdaşlığın möhkəmlənmə səbəb olacaq. U.Əhmədovun sözlərinə görə, İlham Əliyevin səfəri yerli latış xalqı tərəfindən də yüksək qarşılanıb: "Ümumiyyətlə, Latviyada Azərbaycan dövlətinə və azərbaycanlılara münasibət çox yaxşıdır. Mən uzun illərdir bu ölkədə yaşayıram və indiyədək azərbaycanlılara qarşı heç bir mənfi münasibətə rast gəlməmişəm. Prezident İlham Əliyevin səfərində bu yüksək xoş münasibət bir daha hiss olundu. Dövlət başçılarının dünənki birgə çıxışı zamanı Latviya prezidenti Vayra Vike-Freyberqa Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, yəni Dağlıq Qarabağ məsələsində bizim ölkənin haqlı mövqeyini müdafiə edib. Bu da dövlətlərarası münasibətlərin yüksək səviyyəsini göstərir"-deyə U.Əhmədov vurğulayıb.
Diaspor təşkilatının rəhbəri onu da qeyd edib ki, Latviyanın bəzi siyasi partiya təmsilçiləri ilə görüşlərində də Azərbaycan prezidentinin səfəri barədə yalnız yüksək fikirlər söylənilib, yerli ictimaiyyətin rəğbəti ifadə olunub.
U.Əhmədov bildirib ki, bu gün İlham Əliyevin diaspor nümayəndələri ilə də görüşü planlaşdırılır.