...

Azərbaycanın ədliyyə naziri Beynəlxalq Antikorrupsiya Təşkilatının vitse-prezidenti seçilib

Cəmiyyət Materials 31 Oktyabr 2006 11:00 (UTC +04:00)

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Təşkilatının Çin Xalq Respublikasının Pekin şəhərində keçirilmiş ilk konfransında təşkilatın vitse-prezidenti seçilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası dünyada korrupsiyaya qarşı mübarizə aparan bütün qurumların fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq səylərin birləşdirilməsi məqsədilə Çin Xalq Respublikasının təşəbbüsü və BMT-nin dəstəyi ilə yaradılıb. Azərbaycan korrupsiya ilə mübarizəyə mühüm önəm verərək, həmin qurumun təşkilatçılarından biri kimi çıxış edib.

Dünyanın 137 ölkəsindən 1000-ə yaxın nümayəndənin, o cümlədən ədliyyə və daxili işlər nazirlərinin, baş prokurorların, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi bu mötəbər tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Ədliyyə və Daxili Işlər nazirliklərinin, Baş prokurorluğun məsul şəxslərindən ibarət nümayəndə heyəti təmsil edib.

Fikrət Məmmədov konfransın ilk iclasında əsas məruzəçi kimi çıxış edərək, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, mütərəqqi islahatlar və həyata keçirilən tədbirlərin konkret nəticələri barədə ətraflı məlumat verib.

Çıxışda Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və bir milyon dinc əhalinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Erməni nümayəndə heyətinin təşvişinə səbəb olan bu çıxışı konfrans iştirakçıları maraqla qarşılayıb. Nazirin çıxışının ingilis və rus dillərində mətni, o cümlədən xüsusi olaraq hazırlanmış digər sənədlər tədbir iştirakçılarına paylanılıb.

Xəbər lenti

Xəbər lenti