Bakı. Trend:
Azərbaycanda heyvandarlıq sektorunda istehsal xərclərinin azaldılması məqsədilə kökəltmə üçün idxal olunan gənc heyvanların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı təşəbbüs gündəmdədir.
Trend xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə zamanı deyib.
Onun sözlərinə görə, kökəltmə məqsədilə idxal edilən gənc heyvanların həm gömrük rüsumundan, həm də ƏDV-dən azad olunması istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
O həmçinin qeyd edib ki, gömrük rüsumu ilə bağlı sənəd artıq müvafiq mərhələdədir və imzalanması gözlənilir:
"ƏDV məsələsinin isə kənd təsərrüfatının ümumi vergi rejimi üzrə nəzərdə tutulan islahatlar çərçivəsində dəyərləndirilir, bu istiqamətdə aidiyyəti qurumlarla müzakirələr aparılır və qərarın vergi islahatları paketində əks olunması planlaşdırılır.
Azərbaycanda heyvandarlıq sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə yeni maliyyə mexanizmlərinin tətbiqi nəzərdə də tutulur. Bu məqsədlə kredit faizlərinin müəyyən hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması, eləcə də investisiya layihələrinin dəyərinin bir hissəsinin birbaşa maliyyə dəstəyi ilə qarşılanması planlaşdırılır".
