Bakı.Trend:
Azərbaycan və Özbəkistanın birgə keçirdiyi tədbir əslində kifayət qədər böyük addımdır. Çünki məsələ təkcə idman hadisəsi olmaqdan ibarət deyil, eyni zamanda iki qardaş ölkə arasında mövcud olan dərin münasibətlərin təzahürüdür.
Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçirilməsi mövzusunu şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan–Özbəkistan strateji müttəfiqdir və qarşılıqlı etimadın detalları da məhz bu cür addımlarla üzə çıxır.
“Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi və dərin münasibətlər var. Bunun idman sahəsində təzahür etməsi də olduqca mühüm məqamdır. Yeri gəlmişkən, hər iki ölkə hazırda regional və beynəlxalq münasibətlər sistemində çox fəal aktorlardır, idman da yumşaq gücün bir təzahürü kimi ölkələrə kifayət qədər pozitiv dividentlər qazandırır”.
Siyasi şərhçi qeyd edib ki, bununla yanaşı, Azərbaycanın belə bir qlobal tədbirə ev sahibliyi etməsi, yüksək səviyyədə mötəbər turnir üçün Bakının hazır olması, müvafiq infrastrukturun formalaşması ölkəmizin beynəlxalq təşkilatların və beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu da göstərir.
“Qeyd etmək lazımdır ki, Azərbaycanda gənc nəslin tərbiyəsi məsələsi də hazırkı dövrdə olduqca önəmli mərhələyə çatıb. Ən azından qlobal dünyada baş verən kataklizmlər fonunda bir çox sistemlər pozulub. Amma əgər bu sistemlərdən biri müstəsna hal kimi qlobal idman sahəsində qorunub saxlanılırsa, həmin idman hadisəsini Azərbaycan gəncliyinə təqdim etmək və ya Azərbaycan gəncliyini bu qlobal idman tərbiyəsi mühitinə çıxarmaq, hazırda dünyada davam edən müharibələrə və qarşıdurmalara ən yaxşı alternativlərdən biri ola bilər. Söhbət ondan gedir ki, idmanın əsas ideologiyası sağlamlığı, ədalətli rəqabəti və münaqişələrdən kənar inkişafı təşviq edən dəyərləri gələcək nəsillərə aşılamaqdır”.
Siyasi şərhçi Şəhla Cəlilzadə mövzuyla bağlı Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq tədbirlər diplomatiyası yumşaq güc siyasəti olaraq dəyərləndirilə bilər. Azərbaycan dünya siyasətində gedərək daha böyük nüfuz qazandıqca ölkəmizdə keçirilən tədbirlərin mahiyyəti də bir o qədər böyüyür.
“Bu tədbirlər milli maraqlar kontekstində ölkəmizin imicinə və hədəflərinə xidmət edir. Məsələn, təkcə 2024-cü ildə Azərbaycan 79 beynəlxalq idman tədbirinə ev sahibliyi edib. Təsadüfi deyil ki, 2026-cı ildə COP tədbirinin Türkiyədə keçirilməsinə məhz Azərbaycanın diplomatik dəstəyi ilə nail olunub. Həmçinin Azərbaycan və Özbəkistanın 2027-ci ildə 25-ci U-20 dünya çempionatına birgə ev sahibliyi etməsi bir neçə aspektdən dəyərləndirilə bilər. Bu, ilk növbədə iki ölkə arasında dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərindən irəli gələrək, ən yüksək səviyyəli mədəni tədbirlərin birgə keçirilməsinə nümunə təşkil edəcək”.
O bildirib ki, 2021-ci ilin 15 iyununda Şuşada bəyan olunan Türkiyə-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlığı nümunəsində, cənab Prezident İlham Əliyevin Özbəkistana etdiyi səfər çərçivəsində 23 avqust 2024-cü il tarixində imzalanan ikitərəfli saziş müttəfiqliyin ali təsdiqi olaraq tarixə düşdü. İkinci məqam isə, Türk Dünyasında inteqrasiyanın dərinləşməsi ilə əlaqədardır:
“Qardaş xalqlar arasında dostluğun və sıx əməkdaşlığın möhkəmlənməsinə və inkişafına xidmət edən bütün inisiativlər olduqca yüksək rəğbətə və dəyərə malikdir. Bu mühüm missiyanın daşıyıcısı olaraq Prezident İlham Əliyevin xarici siyasət kursu Türk dövlətlərinin təşkilatlanmasında aparıcı istiqamət, lokomotiv təşkil edir. Özbəkistanın TDT-yə üzvlüyü elə məhz Bakıda, 2018-ci ildə reallaşanda bu, Azərbaycanın Özbəkistana münasibətinin yeni keyfiyyət mərhələsinə keçid etdiyini göstərirdi. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin 2024-cü ildəki görüşündə 2025-ci il “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edilməsi, Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi layihəsinin münasibətlərin inkişafında xüsusi rol oynayacağının vurğulanması, bir daha təsdiq edir ki, "Türk Dünyası 2040" vizyonundan irəli gələrək münasibətlər bütün istiqamətlər üzrə dərinləşdirilir”.
Siyasi şərhçi vurğulayıb ki, Özbəkistanla Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafı, ticarət dövriyyəsinin ən azı 5 dəfə artırılması hədəflənir.
“Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 1992-ci ildə Azərbaycanın Özbəkistandan idxalı cəmi 6,7 milyon dollar, ixracı isə cəmi 8,7 milyon dollar idisə, 2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 136,9 milyon dollar və 46,5 milyon dollar olub. Aydın olduğu kimi, 30 ildə Azərbaycanın Özbəkistandan idxalı 20 dəfə, Özbəkistana ixracı isə 5 dəfə artıb. Hazırda qarşıya qoyulan məqsəd ticarət dövriyyəsini ən az 5 dəfə artırmaqdır. Burada Azərbaycanın Özbəkistanla ticarətində mənfi saldo, yəni idxalın ixracdan çox olması nəzərə alınaraq, yeni formatda ticarəti əlaqələrin təşkili faydalı olardı. Xüsusilə energetika, turizm, maşınqayırma kimi sahələrdə birgə əməkdaşlıq iqtisadi əlaqələri daha da inkişaf etdirməyə hesablanıb. Burada iki ölkənin iqtisadi subyektləri arasında azad ticarət imkanlarının genişləndirilməsi, həmçinin Özbəksitanın strateji sahələrində Azərbaycanın yatırım imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Məsələn, Fərqanə vadisinin özbəklərə aid hissəsi neft, kömür, təbii qaz, dəmir, civə, gümüş və digər təbii sərvətlərlə zəngindir və bu işdə birgə əməkdaşlıq imkanları yaradıla bilər”.
Ş.Cəlilzadə bildirib ki, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən bir çox oxşarlıqlar var ki, onlardan biri də ermənilərin mənfur soyqırım siyasətinin qurbanı olmalarıdır. Fərqanə hadisələrində özbəklərə qarşı törədilən soyqırımda (35 minə yaxın özbək öldürülmüşdü) birbaşa olaraq Daşnaksütyunun əli var idi:
Özbəkistan bütün beynəlxalq siyasi platformalarda ölkəmizin haqq işinə dəstək verib. Azərbaycan da hər zaman xalq və dövlət olaraq Özbəkistanın yanında olub. 1966-cı ildə paytaxt Daşkənddə baş verən zəlzələdə ilk yardım edən ölkələrdən biri Azərbaycan idi. Bu zəlzələdən sonra 262 özbək ailəsi Azərbaycanda müvəqqəti məskən tapmış, 1200 daşkəndli uşaq üçün düşərgə təsis olunmuş, Azərbaycan Daşkəndin yenidən qurulmasında iştirak etmişdi. Bu gün isə Özbəkistan Qarabağın bərpası və yenidən qurulmasında iştirak edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına dəstək göstərmək təşəbbüsünü irəli sürən ilk ölkədir. Buna görə o, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə xüsusi təşəkkürünü ifadə etmişdir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin 2023-cü ildə açılışı iki ölkə arasında qardaşlıq əlaqələrinin ən bariz nümunəsidir.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın Özbəkistanla münasibətləri bütün istiqamətlər üzrə dərinləşdirməsi Türk Dünyasını birləşdirən halqalardan birinin daha möhkəmlənməsi deməkdir.
“Artıq Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya vahid geosiyasi regiona çevrilməkdədir və bu regionu əhatə edən proseslər burada yerləşən dövlətlərin bir-biri ilə daha sıx əməkdaşlığı və dostluğu, bir-biri ilə çiyin-çiyinə addımlaması zəminində hər biri üçün faydaya çevriləcəkdir”,- deyə o əlavə edib.
