...

Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin toplantısı keçirilib

Cəmiyyət Materials 2 Noyabr 2006 19:27 (UTC +04:00)

Noyabrın 2-də Ədliyyə Nazirliyində Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin (İK) toplantısı keçirilib. Bu barədə Trend ə İK-nin üzvü olan hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.

Ç.Qənizadənin sözlərinə görə, toplantıya Ədliyyə Nazirliyi nəzdində yaradılmış cəzaçəkmə müəssisələrinə nəzarət üzrə müfəttişliyin yeni rəisi Malik Ələkbərov təqdim olunub.

"Müzakirələr işçi qrupunun reqlamentinin qəbul olunmasına və cəzaçəkmə müəssisələrində monitorinqlərin keçirilməsi məsələsinə həsr olunmuşdu. Müzakirələr nəticəsində qəbul olunmuş reqlamentə görə, İctimai Komitənin üzvləri ayda ən azı bir dəfə yığışıb penitensiar sistemdəki vəziyyəti müzakirə edəcəklər" - deyə hüquq müdafiəçisi qeyd edib.

Ədliyyə Nazirliyinin insan hüquqları şöbəsinin rəisi Faiq Qurbanov iclas iştirakçılarının diqqətinə çatdırıb ki, noyabrın 1-də ədliyyə naziri Fikrət Məmmədov İK üzvlərinin cəzaçəkmə müəssisələrinə məhdudiyyətsiz daxil olmaları ilə bağlı sənəd imzalayıb.

Ç.Qənizadə: "Həmin sənədə görə, İctimai Komitə üzvlərinin istənilən vaxt cəzaçəkmə müəssisələrində monitorinq aparmaq hüququ var. Toplantı iştirakçıları belə qərar qəbul etdilər ki, növbəti həftədən monitorinqlərin keçirilməsinə başlanılsın. İlk olaraq Qobustan Qapalı Həbsxanasında və 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq aparacağıq".

Xəbər lenti

Xəbər lenti