Noyabrın 16-da Hacı Məmmədovun məhkəmə iclasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları dindirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.
Müttəhim Aslanbek Çirtamirovun evində axtarış aparmış qrupun rəhbəri, MTN əməkdaşı Nazim Lətifov ifadəsində göstərib ki, Aslanbekin yaşadığı ünvana gələrək axtarış aparmaq barədə vərəqə təqdim ediblər və axtarış aparıblar. Axtarışda hal şahidləri də iştirak edib. Evdən telefon qutusunun içərisində olan bir ədəd tapança, iki ədəd daraq və güllə, həmçinin narkotik vasitə olan heroin aşkar edilib və protokollaşdırılıb.
Daha sonra Beynəlxalq Bankın Sabunçu rayon filialının əməkdaşı Səbinə Butayeva həmin filialın müdiri işləmiş və hazırda müttəhimlər kürsüsündə əyləşən Elçin Əliyevlə bağlı epizod üzrə dindirilib. O, məhkəməyə Elçin Əliyev filiala rəhbərlik edərkən baş vermiş bir sıra qanun pozuntularından danışıb.
Dindirilən digər şahid isə Sumqayıt şəhər məhkəmə-tibb ekspertizasının ekspertiza şöbəsinin əməkdaşı Fəxrəddin Abbasov olub. O, ifadəsində göstərib ki, Saray qəsəbəsinin sakini Novruz İsmayılovun meyiti tapılarkən hadisə yerinə gələn ekspertiza qrupunun tərkibində olub. Novruz İsmayılovun meyitini müayinə edərək rəyi iş üzrə cinayət işi başlanmış Abşeron rayon Prokurorluğuna təqdim ediblər. Sonradan isə cinayət işi həmin prokurorluqdan Sumqayıt şəhər prokurorluğuna verilib.
Qaradağ rayon məhkəmə-tibb ekspertiza şöbəsinin əməkdaşı Məcid Məmmədov isə 1998-ci ilin dekabr ayında "Qurd qapısı" adlandırılan ərazidə banda üzvləri Boris Ayyubovun, Ruslan Ukuşevin və Dilbər Novruzovanın meyitlərinin tapılması epizodu üzrə ifadə verib.
Məhkəmə iclasında həmçinin şahidlərin ifadələrindəki ziddiyyətli məqamlar araşdırılıb.
Məhkəmə iclası davam edir.