Noybıarın 22-də ədliyyə işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təntənəli yığıncaq keçirilib. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov məruzə ilə çıxış edərək bu bayramın əhəmiyyətini vurğulayıb. Nazir öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən və dövlət başçısının ədliyyə orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrası sahəsində görülən tədbirlərdən danışıb.
Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev də iştirak edib və o öz çıxışında Azərbaycanda ədalət mühakuməsinin səməriliyinin artırılması üzrə görülən tədbirlərdən danışıb.
Prezident İlham Əliyevin 20 noyabr 2006-cı il tarixli sərəncamı ilə təltif olunmuş ədliyyə və məhkəmə işçiləri çıxış edərək ölkə rəhbərinin ədliyyə və məhkəmə fəaliyyətinə verdiyi yüksək qiymətə görə təşəkkürlərini bildiriblər. Tədbirdə həmçinin ədliyyə nazirinin əmrinə əsasən, bir sıra işçilərə ilkin və yüksək rütbələr, fərqlənmiş əməkdaşlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.