...

"Mən insanam" Cənubi Qafqaz kinofestivalı Azərbaycanı iştiraka dəvət edir

Cəmiyyət Materials 28 Noyabr 2006 15:42 (UTC +04:00)

Cənubi Qafqazın "Mən insanam" adlı dünya və insan hüquqları kinofestivalı Cənubi Qafqazda həmtəşkilatçılar axtarır. Qafqazda bu qəbildən olan ilk tədbirin iştirakçısı Azərbaycan, Gürcüstan, Ermənistan, Abxaziya və bu regionun digər ölkəsinin istənilən şəhəri ola bilər. Bu haqda məlumatı Trend ə "Genrix Bell Fondu" (Gürcüstan) ilə birgə festivalın təşkilatçısı olan "Soros" Açıq Cəmiyyət İnstitutunun nümayəndəliyi xəbər verib.

Festivalın ideyası hər il Avropa ölkələrində keçirilən analoji tədbirlərin nümunəsində yaranıb. Təşkilatçılar hesab edir ki, əgər Cənubi Qafqazın filmə baxmaq arzusunda olan sakinlərinin hamısı kinoteatra gedib yaxşı filmə baxa bilmirlərsə, onda filmlər özləri onların yanına getməlidirlər.

Mənbənin verdiyi məlumata görə, festivalın münsiflər heyətinə Qafqazın müxtəlif regionlarından, həmçinin Çexiya və Almaniyadan 11 təcrübəli müstəqil ekspert dəvət edilib. Onlar festivalın İsraildən, ABŞ-dan, Fransa və keçmiş Yuqoslaviya ölkələrindən altı sənədli filmin daxil edildiyi üç günlük proqramını tərtib ediblər. Bütün filmlərin yerli dillərdə səsləndirilməsi nəzərdə tutulub.

"Mən insanam" 2007-ci ilin martında start götürəcək və oktyabra qədər davam edəcək. Bu müddət ərzində festivalın iştirakçı şəhərlərinə üç günlüyə bütün lazımi kino avadanlığı və layihənin koordinatoru Kerstina Nikkiqa da daxil olmaqla, üç nəfərlik komandadan ibarət xüsusi kinoavtobus gələcək.

"Mən insanam" festivalında iştirak etmək üçün ərizələrin qəbulu bu il dekabrın 10-da bitəcək. Kinofestivalın dəqiq marşrutu isə 2007-ci il yanvarın sonunda müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti