...

Leyla Əliyeva Moskva Dövlət Sosial-Humanitar İnstitutunda olub

Cəmiyyət Materials 12 Aprel 2007 12:20 (UTC +04:00)
Leyla Əliyeva Moskva Dövlət Sosial-Humanitar İnstitutunda olub

Rusiya, Moskva /müx. " R.Ağayev / MDBƏİ-nin (Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu) Azərbaycan klubunun prezidenti Leyla Əliyeva Moskva Dövlət Sosial-Humanitar İnstitutunun rektoru Vaqif Deyruşeviç Bayramovun dəvəti ilə adı çəkilən təhsil ocağında olub. Rektorluqda keçirilən görüşdən sonra xanım Əliyevaya institutla tanış olmaq təklif edilib. İnstitutun idman zalında xanım Əliyeva paraolimpiyaç- qılıncoynadanlarla və onların məşqçiləri ilə görüşüb. Söhbət zamanı məşqçilər Azərbaycana səfərlərinin təəssüratlarını bölüşüblər və fəxrlə qeyd ediblər ki, Azərbaycanın qılıncoynatma üzrə yığmasının yaradılmasında və Yelena Jemayeva kimi idmançıların yetişdirilməsində bilavasitə iştirak ediblər.

MDSHİ-nin rektoru Bayramov həmçinin xanım Əliyevanı institutda təhsil alan tələbələrin, xüsusən də əlillərin təhsili və yaşayışı ilə tanış edib.

Yüksək qonağın gəlişi münasibəti ilə MDSHİ-nin akt zalında əlil-tələbələrin iştirakı ilə mədəni-konsert proqramı da təşkil olunub. Tədbirdə çıxış edən xanım Əliyeva qeyd edib ki, MDSHİ-yə Heydər Əliyev Fondunun nümayəndəsi kimi gəlib. İnstitut rəhbərliyinə yüksək qəbula görə təşəkkürünü bildirən xanım Əliyeva qeyd edib ki, institutda olarkən xoş təəssüratlar aldı və oxşar təhsil ocağının Azərbaycanda açılması üçün əlindən gələni edəcək. Onun sözlərinə görə, bu sahədəki mədəni, humanitar, sosial tərəfdaşlıq və aktiv əməkdaşlıq Heydər Əliyev Fondunun fəaliyyətinin vacib istiqamətlərindən biridir. "Səhnədə Azərbaycan bayrağını görmək mənim üçün çox xoşdur. Mən bir daha institutun rəhbərliyinə və şəxsən rektora burada aparılan işlərə görə minnətdarlığımı bildirirəm" - deyən xanım Əliyeva Heydər Əliyev Fondu adından instituta kitab və digər hədiyyələr bağılşlayıb. Öz növbəsində MDSHİ-nin əlil-tələbələri gözəl səhnəciklər nümayiş etdiriblər. Konsertin ən gözəl məqamı sonda "ləzginka" rəqsi olub. Bu rəqs gur alqışlarla qarşılanıb.

Məlumat üçün bildirək ki, MDSHİ SSRİ Nazirlər Kabinetinin 11 oktyabr 1990-cı il tarixli qərarı ilə yaradılıb. Bu gün 5 fakültəyə malik olan bu təhsil ocağı Rusiyada dayaq-hərəkət sisteminin pozulmasından əziyyət çəkən gənclər üçün yeganə ali təhsil ocağıdır.

MDSHİ-nin rektoru, siyasi elmlər namizədi Bayramov burada 2004-cü ildən çalışır. Bayramovun iki ali təhsili var. O, 2006-cı ildə Moskva Dövlət Bələdiyyə İdarəetmə Akademiyasını, Rusiya prezidenti yanında Dövlət Xidməti Akademiyasını "Dövlət və bələdiyyə idarəetməsi, təhsil orqanlarının idarəedilməsi" ixtisası üzrə bitirib. 2006-cı ildə Bayramova Təhsil üzrə Federal Agentlik tərəfindən elmi işdə uğurlara və yüksək səviyyəli mütəxəssislərin hazırlanması, habelə institutun material-texniki bazasının möhkəmləndirilməsində iştiraka görə minnətdarlıq bildirilib. Bayramov həmçinin Rusiyanın "Gənclər siyasəti sahəsinin fəxri işçisi" və "Rusiya orta peşə təhsili fəxri işçisi" döş nişanları ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti