Azərbaycan, Bakı, 23 aprel /korr.TrendLife Fərid Sadıxov|Abşeron yarımadasındakı neft yataqlarının işlənməsi bir sıra ekoloji problemlər yaradıb. Ekologiya və Təbii sərvətlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Abşeron yarımadasında 10 min hektardan artıq ərazi neft və neft məhsulları ilə çirklənməyə məruz qalıb. Nazirlikdən bildirilib ki, Azərbaycanda neft çıxarılmasına başlanan dövrdən indiyədək Abşeron yarmadasının quru və dəniz ərazilərində 71 neft və qaz yatağı (quruda 46, dənizdə 25 yataq) tədqiq edilib. Hazırda bunlardan 54-ü (quruda 36, dənizdə 18 yataq) istismar olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi neft yataqlarından çıxan lay sularının ekoloji normalara uyğun idarə olunmasıından narahatdır. 2006-cı ilin yekunlarına görə, bütün neftçıxarma sahəsində 14 milyon kubmetr neftli lay suyu formalaşıb. Bu suların təmizlənmədən Xəzərə axıdılması dənizin ekoloji tarazlığını pozub. Nazirlik bu məsələdə yerli və xarici neft-qazçıxarma idarələrini günahlandırıb. Ötən il həmin təşkilatlara ekologiyanı çirkləndirdiklərinə görə milyonlarla manat cərimə kəsilib. Problemin aradan qaldırılması üçün 2010-cu ilədək müvafiq tədbirlərin görüləcəyi bildirilib.