...

Azərbaycanda hər 12 nəfərdən biri talassemiyadan əziyyət çəkir

Cəmiyyət Materials 10 May 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend S.Babayeva/ Azərbaycanda hər 12 nəfərdən biri talassemiyadan əziyyət çəkir. Bu barədə Azərbaycan səhiyyə nazirinin müavini Sənan Kərimov cümə axşamı günü talassemiya problemlərinə həsr olunan beynəlxalq konfransda məlumat verib. Kərimovun sözlərinə görə, hər il ölkədə 200 talassemiyalı uşaq dünyaya gəlir.

Talassemiya ilə mübarizə məqsədilə 2006-cı ildə Nazirlər Kabineti irsi qan xəstəlikləri (hemofiliya və talassemiya) üzrə Dövlət Proqramını təsdiq edib. Proqram çərçivəsində hər il bu xəstəliklərdən əziyyət çəkənlər üçün pulsuz müalicə məqsədilə dövlət büdcəsindən vəsait ayrılır.

Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədovun sözlərinə görə, bu gün yeni doğulmuş uşaqların həmin xəstəliyə tutulmaması üçün işlər aparılır. O bildirib ki, talassemiya ilə mübarizə məqsədilə keçirilən konfrans bu baxımdan böyük əhəmiyyətə malik olar bilər.

Bu gün öz işinə başlayan konfrans Azərbaycanın Hematoloqlar və Transfuzioloqlar Cəmiyyəti, habelə Türkiyənin "Hemoqlobin" cəmiyyəti tərəfindən təşkil olunub. Konfrans sabah davam edəcək.

Konfransın işində Rusiya, Türkiyə, Gürcüstan, İtaliya, Ukrayna, İsveçrə və İsraildən olan hematoloq-transfuzioqlar iştirak edir. Ümumilikdə konfransa 40-dan çox xarici mütəxəssis dəvət alıb. Tədbirin məqsədi sözügedən ölkələrdə talassemiyanın yayılması, onunla mübarizə, habelə ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə etməkdir.

Xəbər lenti

Xəbər lenti