...

Azərbaycanda işləyən bəzi əcnəbilər ovçuluq etmək istəyir

Cəmiyyət Materials 16 May 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may/müx.TrendLife Fərid Sadıxov/Növbəti ov mövsümünün yaxınlaşması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müxtəlif şirkətlər tərəfindən müraciətlər daxil olub. Həmin müraciətlərdə şirkətlərdə işləyən xarici vətəndaşlara ovçuluqla məşğul olmağa icazə verilməsi xahiş olunub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülşən Hüseynova TrendLife-a bildirib ki, son illər ov fəaliyyətinin məhdudlaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb. Belə ki, 2004-cü ildən etibarən qonur ayı ovuna, 2005-ci ilin oktyabrından isə quş ovuna müddətsiz qadağa qoyulub. Hazırda isə Dağıstan turu (təkə) ovuna qadağa qoyulması məsələsinə baxılır və artıq onun ov limiti məhdudlaşdırılıb.

Nazirlikdən bildirilib ki, ölkədəki ovçuluq təsərrüfatlarının fəaliyyəti araşdırılarkən nəzarət və mühafizənin zəif təşkili, fauna növlərinin artırılması və təbiətə buraxılması istiqamətində işlərin aparılmaması müəyyənləşdirilib. Buna görə də ovçuluq cəmiyyətləri və fiziki şəxslərlə bağlanmış müqavilələr ləğv edilib. Hazırda ovçuluq təsərrüfatlarının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı işlər həyata keçirilir. Yeni strategiyada ovçuluq təsərrüfatlarının bir hissəsinin hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi də nəzərdə tutulur. Ölkədə xarici ovçuların ovla məşğul olmalarına gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə bəzi tədbirlər görəcək. Nazirlikdən bildirilb ki, ovçuluq təsərrüfatında vəhşi heyvanların artırılması və təbiətə buraxılması istiqamətində müvafiq işlər həyata keçirən şirkətlərlə müqavilə bağlanılacaq. Bu isə həmin şirkətlərin əcnəbi əməkdaşlarına ovla məşğul olmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti