...

Sabiq ədliyyə orqanları əməkdaşlarının məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 25 May 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bir qrup sabiq əməkdaşının məhkəmə prosesi keçirilib. Apellyasiya Məhkəməsində hakim Qəzənfər Kərimovun sədrliyi ilə Penitensiar Xidmətin sabiq rəis müavini Gülməmməd Məmmədov, İntendant-Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov, Bazanın sabiq mühasibləri Rafiq Cəfərov, Elman Məmmədov və digər 2 nəfər barəsində çıxarılmış hökmdən verilmiş şikayətə baxılıb. Prosesdə təqsirləndirilənlər və vəkilləri çıxış ediblər. Onlar barələrində çıxarılmış hökmdən narazı olduqlarını bildirib və hökmün dəyişdirilməsini istəyiblər. Növbəti məhkəmə prosesi mayın 29-na təyin olunub. Prosesdə prokuror çıxış edəcək.

Cabbarov və G.Məmmədov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinərək 12, Cəfərov və E.Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Dəstənin 20 üzvü isə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar

Xəbər lenti

Xəbər lenti