...

Ali Məhkəmənin sədri: "Milli Məclis yaz sessiyasının sonunadək yeni yaradılmış apellyasiya məhkəmələrinin hakimlərini təyin edəcək"

Cəmiyyət Materials 1 İyun 2007 11:37 (UTC +04:00)
Ali Məhkəmənin sədri: "Milli Məclis yaz sessiyasının sonunadək yeni yaradılmış apellyasiya məhkəmələrinin hakimlərini təyin edəcək"

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Milli Məclis yaz sessiyasının sonunadək yeni yaradılmış apellyasiya məhkəmələrinin hakimlərini təyin edəcək. Bu barədə cümə günü Trend ə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib. Rzayev bildirib ki, hakimlərin təyinatı prezidentin təqdimatı əsasında aparılacaq. Apellyasiya məhkəmələrinin hakimləri təsdiqlənəndən sonra onlar öz səlahiyyətlərinin icrasına başlayacaqlar. Ali Məhkəmə sədrinin sözlərinə görə, apellyasiya məhkəmələri üçün yerlərdə müvəqqəti binalar ayrılıb, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Yerlərdə yeni yaradılmış apellyasiya məhkəmələrinə yeni binaların tikilməsi üçün torpaq sahələri ayrılıb.

Apellyasiya məhkəmələrinin hakimləri fəaliyyəti müsbət qiymətləndirilən birinci instansiya məhkəmələrinin hakimləri sırasından seçiləcək. Fəaliyyəti mənfi qiymətləndirilən hakimlərin isə fəaliyyətinə xitam veriləcək.

Rzayev apellyasiya məhkəmələrinin hakimlərinin təyinatından sonra imtahanlardan müvəffəqiyyət qazanmış 55 namizədin təyinatına baxılacağını bildirib.

Prezidentin 19 yanvar 2006-cı il fərmanı ilə Əli Bayramlı, Gəncə, Şəki və Sumqayıtda apellyasiya məhkəmələri yaradılıb. Hakimlərin sayı isə 156 ştat vahidi artırılaraq 485-ə çatdırılıb. Azərbaycan hakimlərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Ölkədə aparılan məhkəmə islahatları ilə hakimlərin maddi, sosial təminatı yaxşılaşdırılıb, hakimlər ömürlük təyin olunub.

Məhkəmə-Hüquq Şurası 75 hakim barəsində intizam icraatı başlayıb. İndiyədək 50 hakim intizam məsuliyyətinə cəlb olunub, onlar barəsində müxtəlif intizam tədbiri görülüb. İki hakimin səlahiyyətinə isə vaxtından əvvəl xitam verilib.

Xəbər lenti

Xəbər lenti