...

Gürcüstanda cəza çəkən 18 Azərbaycan vətəndaşının verilməsi ilə bağlı qonşu dövlətin Ədliyyə Nazirliyinə müraciət olunub

Cəmiyyət Materials 1 İyun 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Gürcüstanda cəza çəkən 18 Azərbaycan vətəndaşının verilməsi ilə bağlı qonşu dövlətin Ədliyyə Nazirliyinə müraciət olunub. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov Trend ə bildirib ki, məhkumların verilməsi üçün müvafiq tədbirlərin icrasına başlanılıb. İdarə rəisi məhkumların müraciəti olduğu hallarda onların cəza çəkməsi üçün vətəndaşı olduğu dövlətə verildiyini diqqətə çatdırıb. Qafarovun sözlərinə görə, Azərbaycanda 170-ə yaxın Gürcüstan vətəndaşı cəza çəkir. Onlar vətəndaşı olduğu ölkəyə verilməsi barədə müraciət edərsə, qonşu dövlətlə imzalanmış sənədlər və hər iki dövlətin qoşulduğu konvensiyalar çərçivəsində bu proses həyata keçiriləcək. Ümumilikdə isə Azərbaycanın cəzaçəkmə müəssisələrində 400-ə yaxın əcnəbi məhkum cəza çəkir. Onların böyük əksəriyyəti Gürcüstan, Rusiya, İran vətəndaşlarıdır.

Qafarovun sözlərinə görə, digər ölkələrlə müqayisədə Rusiyanın cəzaçəkmə müəssisələrində daha çox Azərbaycan vətəndaşı cəza çəkir. Bu isə Azərbaycan vətəndaşlarının bu ölkədə sıx məskunlaşması ilə izah olunur. Son zamanlar Rusiyada məhkum olunmuş Azərbaycan vətəndaşları arasında narkotika cinayətlərinə görə təqsirləndirilənlərin sayı artıb.

Ötən il Rusiyanın cəzaçəkmə müəssisələrində saxlanılan 35 azərbaycanlı məhkum cəzasını çəkmək üçün Azərbaycana gətirilib.

Türkiyədə 15-ə yaxın azərbaycanlı məhkum cəza çəkir. Onlardan bir nəfər cəzasını Azərbaycanda çəkməsi üçün müraciət edib.

10 nəfərə yaxın azərbaycanlı isə İranda cəza çəkir. Onların böyük əksəriyyəti sərhədi qanunsuz keçənlər, az ağır cinayət törədənlərdir.

Xəbər lenti

Xəbər lenti