Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Müxalifət" qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli cümə günü aclığa başlayıb. Bu barədə Trend ə məlumat verən vəkil Rəşid Hacılı bildirib ki, qəzetin əməkdaşı Yaşar Ağazadə mayın 29-dan başladığı aclığı davam etdirir. Ağazadənin səhhətinin pisləşdiyini deyən vəkil aclıq edən şəxslərin həkim nəzarətində saxlanılmadığını bildirib. Vəkilin sözlərinə görə, Ağazadə aksiya keçirdiyi günlər ərzində həkim baxışından keçməyib. Jurnalistlər Azərbaycanda söz azadlığına qarşı yönələn ardıcıl basqılara, jurnalistlərin qanunsuz olaraq həbsə alınmasına etiraz olaraq aclığa başlayıblar.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxslər saxlanma şəraitindən də narazıdırlar. Belə ki, kameraların havasız və həddən artıq isti olduğunu bildiriblər.
Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə baş redaktor Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y - Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib. Eyni zamanda Əliyev ağır cinayətlərdə ittiham olunub.
Jurnalistlər hökmdən apellyasiya şikayəti veriblər.