Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edəcək. Narkotika cinayətinə görə 3 il azadlıqdan məhrum edilmiş Sakit Zahidov (Mirzə Sakit) İnsan Haqları və Azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusu ilə bağlı Avropa Məhkəməsinə şikayət edəcək. Bu barədə cümə günü Trend ə Sakitin vəkili Vüqar Xasayev məlumat verib. Vəkil Ali Məhkəmənin Sakitlə bağlı qərarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayətinin verilməyəcəyini bildirib.
Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmü Apellyasiya və Ali Məhkəmə qüvvədə saxlayıb.