...

Səhiyyə naziri: "Azərbaycanda ana ölümü halları yüksəkdir" (video)

Cəmiyyət Materials 18 İyun 2007 16:43 (UTC +04:00)
Səhiyyə naziri: "Azərbaycanda ana ölümü halları yüksəkdir" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda ana ölümü halları yüksəkdir. Bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bazar ertəsi keçirdiyi mətbuat konfransında açıqlama verib.

Nazir qeyd edib ki, doğuş zamanı ana ölümünün baş verməsi problemi nazirliyin Kollegiyasında müzakirə olunacaq. Nazirin sözlərinə görə, bu ilin ilk beş ayı ərzində doğuş zamanı 15 ana ölümü baş verib. Bu hadisələrlə əlaqədar ayrı-ayrı xəstəxanaların 12 nəfər işçisi vəzifəsindən azad olunub.

Şirəliyev qeyd edib ki, istər doğuş, istər cərrahiyyə əməliyyatları zamanı ölüm hallarına görə həkimlərin məsuliyyəti aşkar edilirsə, bununla əlaqədar tədbirlər görülür.

Həkimlərin peşəkarlıq səviyyəsindən danışarkən nazir qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanları zamanı 80 nəfər həkimdən yalnız 16-sı imtahandan keçə bilib.

Nazir özəl apteklərdə monitorinqlərin davam etdiriləcəyini deyib. Şirəliyev bildirib ki, həkimlər xəstələri öz məqsədlərinə görə konkret apteklərə göndərməməli, yalnız dövlətin təsdiq etdiyi reseptlərdə dərman yazmalıdırlar.

Şirəliyev Səhiyyə Nazirliyinin Dövlət Gömrük Xidməti ilə sıx işlədiyini, sərhəddən dərman keçirilərkən nazirliyin analitik-ekspertiza şöbəsinə məlumat verildiyini deyib: "Bizim ekspertlər dərhal gedib konteynerlərdə dərmanları yoxlayırlar, müvafiq rəy verirlər. Son zamanlar keyfiyyətsiz və saxta dərmanların ölkəyə gətirilməsinin qarşısı xeyli alınıb" - deyə nazir məlumat verib.

Xəbər lenti

Xəbər lenti