Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bazar günü İsveçrədəki Reform kilsəsində Azərbaycanla bağlı informasiya günü kecirilib. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
İnformasiya günündə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov dinləyicilərə Azərbaycan reallıqları haqqında məlumat verib. O, Azərbaycan torpaqlarının bir hissəsini Ermənistan silahlı birləşmələrinin işğal etməsi və nəticədə bir milyonadək qaçqın və məcburi köçkünün çətin vəziyyətdə yaşaması faktına xüsusilə diqqət çəkib.
Daha sonra muğam üçlüyü Azərbaycan milli musiqisindən ibarət repertuarla çıxış edib. Proqramdan sonra qonaqlara Mədəniyyət Mərkəzinin qadın üzvləri tərəfindən hazırlanan Azərbaycan şirniyyatları təqdim edilib.
İnformasiya gününə 70-100 isvecrəli qatılıb. Proqram barədə Reform kilsəsinin rəsmi qəzetində məlumat verilib.