...

Azərbaycan Teleradio Şurasının sədri lisenziya olmadan internetdə televiziya kimi proqramların yayımlanmasına yol verməyəcək

Cəmiyyət Materials 19 İyun 2007 16:28 (UTC +04:00)
Azərbaycan Teleradio Şurasının sədri lisenziya olmadan internetdə televiziya kimi proqramların yayımlanmasına yol verməyəcək

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan Teleradio Şurasının sədri Nüşirəvan Məhərrəmli ilə Trend in müsahibəsi

- Azərbaycan və Rusiya öz ərazilərində televiziya kanallarının qarşılıqlı yayımlanması barədə razlığa gəliblər. Saziş nə zaman imzalanacaq və Azərbaycan kanalı Rusiyanın hansı ərazisində yayımlanacaq?

- İyunun səkkizində Moskvada işçi qrupu ilə keçirilən ilk görüş zamanı ümumi prinsiplər razılaşdırılıb. Bu prinsiplərə əsasən, Azərbaycanın dövlət kanalı Rusiya ərazisində, RTR-planeta kanalı isə Bakıda yayımlanacaq. Biz həmçinin üç illik müqavilənin imzalanması haqqında razılığa gəlmişik. Eyni zamanda bu müqavilədə qarşı tərəfin dövlət suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmətlə yanaşmaq barədə bənd də nəzərdə tutulub. Bu prinsiplər pozulacağı təqdirdə birtərəfli qaydada müqavilədən imtina etmək mümkündür. Bundan əlavə, texniki xidmət üzrə müqavilənin imzalanması gözlənilir. Yaxın günlərdə Bakıda görüş keçiriləcək.

Azərbaycan kanalının hansı ərazidə yayımlanacağını söyləmək isə çətindir. Biz hesab edirik ki, bu məsələni paritet əsaslarla həll etmək lazımdır. Azərbaycanın ərazisi Rusiyadan kifayət qədər kiçikdir. Buna görə də balans müəyyənləşdirilməsi lazımdır.

- Türkiyə ilə danışıqlar nə zaman başlayacaq?

- Türkiyə ilə bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə yazışma gedir. Amma hesab edirəm ki, Türkiyə tərəfindən təklif olunan müqavilədə dəyişikliklər edilməlidir. Bu, əsasən texniki xarakter daşıyır. Biz Türkiyə ilə ruslarla olduğu kimi anoloji müqavilə imzalamaq istəyirik.

- Dünyada bir ölkənin kanalının başqa ölkədə yayımlanması təcrübəsi yoxdur. Niyə Azərbaycan bundan imtina etmir?

- Həqiqətən də, bu təcrübə özünü doğrultmur. Indiki texniki imkanlar xarici kanallara çıxmaq üçün kifayət qədər imkanlar verir. Rusiya və Türkiyəyə münasibətdə isə biz istisna edirik. Biz onların təşəbbüsünə qarşı çıxmırırq. Belə ki, Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Amma həqiqətdə isə bu cür yayım özünü doğrultmur

- Bakıda xeyli sayda tikintilər aparılır və hər bir yeni tikintinin sahibi alıcıları dünyanın aparıcı kanallarına baxmaq imkanı ilə cəzb etməyə cəhd edir. Bu fəaliyyəti qanuni hesab etmək olarmı?

- Əslində yeni bina sahiblərinin bu cür hərəkətləri qeyri-qanunidir. Bu məsələni artıq qaldırmışıq, amma bununla mübarizə aparmaq çox çətindir. Bizim bütün bu faktları aşkara çıxarmaq imkanımız yoxdur və məsələni həll etməkdə yerli orqanların və Daxili işlər Nazirliyinin köməyinə ümid edirik.

İndiyə qədər bu işlə məşğul olan sahibkarların xəbəri olmayıb ki, bunun üçün lisenziya almaq lazımdır. Onlar nəzərə almalıdırlar ki, üç nəfərdən artıq adama xidmət göstərmək sahibkarlıq fəaliyyətidir. Bununla bağlı ciddi tədbirlər görüləcək. Hesab edirəm ki, sahibkarlar öz fəaliyyətlərini qanuniləşdirəcəklər, əks halda onlar məsuliyyətə cəlb oluna bilərlər.

- Siz bütün yeni evlərin sahiblərinə kabel televiziyasının yayımlanması hüququ vermək niyyətindəmisiniz?

- Biz Bakıda təqribən 10 şirkətə lisenziya vermişik. Şəhər üçün bu kifayət qədər saydır. Digər ölkələrdə bu cür xidmət göstərən şirkətlərin sayı azdır. Hesab edirik ki, ilk növbədə onların fəaliyyətinin nəticəsini qiymətləndirmək lazmdır. Hal-hazırda bu 10 şirkətdən iki-üçü fəaliyyət göstərir. Digərlərinin fəaliyyəti hiss olunmur.

- Tez-tez yerli telekanallar digər KİV-lərin materiallarından istifadə edirlər və məlumatın mənbəyinə istinad etmirlər. Bu biznesdir və hər bir KİV öz məlumatını satmaq istəyir. Bu məsələdə nizam-ntizam yaratmaq planlaşdırılmır?

- Əslində bu iki orqan arasında müşahidə olunan faktdır. Əgər hər hansı bir kanal agentliyin məlumatını piratçılıq yolu ilə istifadə edirsə, təbii ki, agentlik kanalı məhkəməyə verməlidir.

Bizə qaldıqda isə, qanunvericilik plagiata görə inzibati cəza nəzərdə tutmur. Bu sahədə Müəllif Hüquqları Agentliyi daha ciddi işləməlidir. Təbii ki, əgər telekanal vaxtının çoxunu məhkəmələrdə keçirəcəksə, növbəti lisenziyanın verilməsi zamanı biz bunu nəzərə alacağıq və kanalla əməkdaşlığa son verəcəyik.

- Son aylarda audivizual informasiyanın internet vasitəsilə yayımlanması məsələsi aktualdır. Yaxın zamanlarda bu məsələ ilə bağlı xüsusi yığıncağın keçirilməsi planlaşdırılıb. Bu görüşün gündəliyində hansı məsələlər duracaq?

- Bu çox ciddi, mübahisəli və çətin məsələdir. Teleyayımın bir neçə üsulu var: kabel, peyk, internet şəbəkəsi və s. Hazırda bizim telekanallarımız internet vasitəsilə də yayımlanır. Xüsusi video-materiallar isə kütləvi informasiya vasitəsi hesab olunmur.

Biz internetdə lisenziyasız 24 saat bu cür materialları nümayiş etdirən televiziyanın yayımlanmasına imkan verməyəcəyik.

Əgər bu, televiziya və ya radiodursa, o zaman teleradioyayım qaydalarına uyğun olaraq yayımlanmalıdır. Əgər bu hər hansı bir videomaterialdırsa, biz buna müdaxilə etməyəcəyik.

- Kiminsə internet vasitəsilə teleproqram yaymaq istəyi ilə bağlı konkret hallar olubmu?

- Hərdən arzu edənlər olur. Xüsusilə seçki dövründə bəzi partiyalar bunu etməyə cəhd edir.

Biz yaxın zamanlarda Rabitə Nazirliyi ilə geniş bir toplantı keçirərək bu məsələni müzakirə etmək istəyirik. Bu barədə mənim ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə də söhbətim olub. O məni inandırmağa çalışırdı ki, bu sahədə heç bir nəzarət olmamalıdır. Amma mən elə onların öz təcrübəsinə əsasən ona sübut etdim ki, istənilən halda bu sahəyə nəzarət olunur. Tənzimləyici bir orqan olmalıdır.

Bir tərəfdən isə bu ictimaiyyəti narahat edir. Ona görə ki, insanlar, xüsusilə uşaqlar və yeniyetmər internetin böyük təsiri altındadırlar. Digər tərəfdən, əgər biz buna nəzarət etməsək, böyük problemlər meydana çıxacaq. İnternet insanlar üçün böyük texniki tərəqqidir. Amma bu, həm də bizim əleyhimizə yönəlmiş silahdır.

- Hər hansı yeni bir orqanın yaradılması mümkündürmü?

- Əgər bu televizya və radio ilə bağlıdırsa, bizim orqanımz artıq mövcuddur. Ancaq söhbət İnternetdəki hər hansı bir tənzimləmədən gedirsə, biz bunun tərəfdarıyıq. Bu kiminsə yazışmalarına nəzarət olunması demək deyil. Bu, pornoqrafik yayımlar, sənədli filmlər, kiminsə şəxsi həyatına müdaxilə ilə bağlıdır. Müəyyənləşdirmək lazımdır ki, əgər hər hansı bir saytın sahibi oxucuların sayını 600-ə çatdırbsa, o, KİV hesab olunur, ya yox. Əgər bu KİV-dəki məlumat yalan və böhtandırsa, o, cinayət məsuliyyətinə cəlb olunmalıdırmı?

Mən bəzi ölkələrdə tətbiq olunan senzura və ya məhdudiyyətlərin tərəfdarı deyiləm. Sadəcə, internet şəbəkəsindən normal istifadə üçün şərtlərin yaradılması lazımdır.

Xəbər lenti

Xəbər lenti