Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ 15 dövlət orqanındakı 200 vakant dövlət qulluğu vəzifəsinə şənbə günü keçirilmiş test imtahanının nəticələri elan olunub. İmtahanda iştirak etmiş 761 namizəddən 96 nəfər ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend ə verilən məlumata görə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Nəqliyyat Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindəki vakant vəzifələrə sənəd vermiş namizədlərin heç biri tələb olunan balı toplaya bilməyib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındakı 1 vakant yerə 3, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki 18 vakant yerə 9, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə 15 vakant yerə 2, Dövlət Sosial Müdafiə Fondundakı 18 vakant yerə 2, Dövlət Statistika Komitəsindəki 6 vakant yerə 2, Gənclər və İdman Nazirliyindəki 9 vakant yerə 1, Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki 26 vakant yerə 10, Sənaye və Energetika Nazirliyindəki 5 vakant yerə 2, İqtisadi İnkişaf Nazirliyindəki 35 vakant yerə 36, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki 38 vakant yerə 5, Maliyyə Nazirliyindəki 13 vakant yerə 15, Səhiyyə Nazirliyindəki 3 vakant yerə 9 nəfər müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.