...

Sabiq səhiyyə nazirinin məhkəməsi qeyri-müəyyən müddətədək dayandırılıb

Cəmiyyət Materials 27 İyun 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə naziri Əli İnsanovun Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iddiası üzrə hazırlıq iclası qeyri-müəyyən müddətədək dayandırılıb. Çərşənbə günü Səbayel rayon məhkəməsindən Trend ə bildirilib ki, cavabdehin nümayəndəsi Sabir Qədirov vəsatət qaldıraraq məhkəmə prosesinin sabiq nazirin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşanadək dayandırılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin edib və mülki iddia üzrə prosesin cinayət işi üzrə proses yekunlaşandan sonra davam etdirilməsi barədə qərar çıxarıb.

Ötən hazırlıq iclasında İnsanovun vəkili Ağaveyis Şahverdi AMEA-nın 4 may tarixli iclasının protokolunun və qərarının, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin AMEA-ya ünvanladığı 30 aprel tarixli məktubun məhkəməyə təqdim olunması, sabiq nazirinin məhkəmə baxışında iştirakının təmin edilməsi barədə vəsatət vermiş, iddia tələbinin genişləndirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdi. O, iddia tələbində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin cavabdeh kimi cəlb olunmasını, AMEA-nın 4 may tarixli iclasının protokolunun və qərarının, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 aprel tarixli məktubunun etibarsız hesab edilməsini, hər iki cavabdehin müştərək qaydada vurulmuş mənəvi zayana görə 28 milyon manat cərimələnməsini və həmin məbləğin Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna verilməsi barədə qərar çıxarılmasını, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Faiq Qasımov barəsində xüsusi qərardad çıxarılmasını və Məhkəmə-Hüquq Şurasına göndərilməsini istəmişdi.

Məhkəmə qeyd olunan sənədlərin məhkəməyə təqdim olunması barədə vəsatəti təmin etmiş, İnsanovun prosesdə iştirakı barədə vəsatəti isə rədd etmişdi.

İddia tələbinin genişləndirilməsi ilə bağlı ərizənin müzakirəsi növbəti iclasa saxlanılıb. Dövlət çevrilişinə cəhd, kütləvi iştişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti