Azərbaycan, Bakı, 2 iyul /müx. "TrendLife" Əli Dərviş/ Müxtəlif telemüsabiqələrdən sonra səhnəyə ilk qədəmlərini qoyan gənc ifaçılar estrada ulduzlarını dabanbasma izləyirlər. Həmçinin gənc ifaçılar onların çörəklərinə bais çıxmaqla bərabər, məşhurluqlarından da istifadə etmək arzusundadırlar. Bundan başqa, gənc istedalar müğənnilərin tanınmış mahnılarını ifa edirlər. Bu fakta estrada ulduzları müxtəlif münasibət göstərirlər. Keçmiş "Şeron" qrupunun solisti Elnur bu barədə "TrendLife"a bunları söylədi: "Mən belə uşaqlarla rəqabət aparmaqdan qorxmuram. Estradaya yeni qədəm qoyan ifaçılar mənim mahnılarımı oxuyanda sevinirəm. Bu normal haldır. Mən də nə vaxtsa kiminsə mahnılarını oxumuşam. Əlbəttə, uşaqlar gəncdirlər, təcrübəsizdirlər. Buna baxmayaraq, onlara uğur arzulayıram".
"Eurovision" musabiqəsində iştirak etməyə gəldikdə isə müğənni bunları söylədi: "Mən özüm-özümü aldatmaq istəmirəm. Nə vaxt ki, Mədəniyyət və Turizm Nazirliyi mənim həmin müsabiqədə iştirak etməyimi istəsə, onda da müsabiqəyə ciddi hazırlaşacam. Hələlik isə belə şey yoxdur. Nəyə görə belə söhbətlərə görə vaxt itirməliyik? Bu bəxtəvərin kim olacağını isə zaman göstərəcək. İndi isə hələlik öz yaradıcılığım üzərində çalışıram". Onu da qeyd edək ki, müğənni bu yaxınlarda daun-uşaqlar üçün təşkil olunmuş xeyriyyə konsertində iştirak edib. "Belə aksiyalarda çıxış etmək hər birimizin borcudur. Biz anadangəlmə əqli cəhətdən zəif inkişaf etmiş uşaqlara öz məhəbbətimizi göstərməliyik. Bu işlər Allah rızası üçün edilməlidir. Əgər mən onlara həyatda bir az da olsa sevinc verə bilərəmsə, özümü çox xoşbəxt hiss edərəm" - deyə həmin konsertlə bağlı o bildirdi.