...

Mətbuat Şurasının nümayəndəsi həbsdə olan redaktorlarla görüşüb

Cəmiyyət Materials 6 İyul 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İbrahim Məmmədli həbsdə olan jurnalistlər - "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və redaktoru Yaşar Ağazadə ilə görüşüb. Bu barədə Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının və hakimiyyətlə jurnalistlər arasında problemlərin həlli Daimi Komissiyasının sədri İbrahim Məmmədli məlumat verib.

O, bir saylı Bayıl istintaq təcridxanasında Kəbirli və Ağazadənin saxlanma şəraiti ilə tanış olub. Məmmədlinin sözlərinə görə, jurnalistlər saxlanma şəraitlərində problem olmadığını deyiblər. Lakin onlar həbslərinin ədalətsiz olmasından şikayətləniblər. Kəbirli və Ağazadə özlərinin günahsız olduqlarını iddia etdikləri üçün əfv edilmələri üçün müraciət etməyi də düşünmürlər.

"Rövşən Kəbirli və Yaşar Ağazadə bildirdilər ki, onların həbsinə səbəb olan yazının mövzusu barədə başqa mətbu orqanlarda, hətta Türkiyənin saytlarından birində də yazılıb. Ona görə həbsləri barədə Yasamal rayon məhkəməsinin qərarını ədalətsiz sayırlar" - deyə Məmmədli qeyd edib.

O, bir saylı Bayıl istintaq təcridxanasının rəisi Misir Əliyevlə də görüşüb. Rəis Məmmədliyə jurnalistlərin saxlanma şəraitindən narazı qalmadıqlarını deyib.

Xatırladaq ki, akademik, millət vəkili Cəlal Əliyev "Müxalifət" qəzetində barəsində yazılmış yazıya görə Kəbirli və Ağazadəni məhkəməyə verib. Yasamal rayon məhkəməsi onlara iki il yarım azadlıqdan məhrumetmə cəzası kəsib.

Jurnalistlərin apellyasiya şikayətinə dair qərar isə iyulun 9-da veriləcək.

Xəbər lenti

Xəbər lenti