...

DAK-ın yeni sədri Qulamrza Təbrizi: "DAK-ı diriltmək üçün bütün fəal, vətənpərvər adamları hərəkətə gətirməliyik"

Cəmiyyət Materials 10 İyul 2007 18:12 (UTC +04:00)
DAK-ın yeni sədri Qulamrza Təbrizi: "DAK-ı diriltmək üçün bütün fəal, vətənpərvər adamları hərəkətə gətirməliyik"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) yeni sədri Qulamrza Səbri Təbrizi təşkilatın fəaliyyətində boşluqları aradan qaldırmaq üçün fəal insanları bir yerə toplamaq niyyətindədir. Bu barədə hazırda Londonda olan Qulamrza Təbrizi Trend ə müsahibəsində məlumat verib.

Qeyd edək ki, DAK-ın iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçirilən doqquzuncu qurultayında B.Britaniyanın Eniburq Universitetinin professoru Q.Təbrizi Konqresin sədri seçilib. Ondan əvvəl təşkilata Cavad Derəxti sədrlik edirdi. Təşkilata əslən Güney Azərbaycandan olan şəxslər rəhbərlik edirlər.

Qulamrza Təbrizi sədr seçilməsinə münasibətini bildirərkən qeyd edib ki, bu vəzifəyə gəlməyi qarşısına məqsəd qoymayıb: "Mənim DAK-a sədr olmaq məqsədim yox idi, həyatımda bütün vəzifələri görmüşəm. Amma doğma vətənim Güney Azərbaycanı, çoxmilyonlu güney azərbaycanlılarını tək qoya bilmərəm. Sevinirəm ki, heç bir müraciətim olmadan, sırf təcrübəmə, mənəviyyatıma görə məni DAK-a sədr seçiblər. Azərbaycan dövləti də məni bu münasibətlə təbrik etdi" - deyə Təbrizi bildirib.

O, DAK-ın bu vaxta qədərki fəaliyyətini tənqid edib, bildirib ki, qurum güneyliləri özündən uzaq salıb: "DAK-ı düşdüyü vəziyyətdən çıxarmaq üçün çox işlər görülməlidir. Çünki bu qurumun, demək olar ki, strukturu yoxdur, bu altı ildə lazımi səviyyədə heç bir iş görülməyib. Ancaq boş təbliğat, quru sözlər danışılıb. DAK təşkilat kimi çox zəifdir, güneyliləri demək olar ki, özlərindən qaçırıblar. Görülən işlərlə bağlı nə bir çek, nə bir hesab var, baxaq ki, bu altı ildə nə ediblər" - deyə Təbrizi tənqidlərini səsləndirib.

O əlavə edib ki, Bakıya gələn kimi İdarə Heyətinə seçilmiş ziyalıları yığıb məşvərət edəcək, DAK-ın problemlərini bir-iki il ərzində hamılıqla aradan qaldırmağa çalışacaqlar. Boş təbliğatın əleyhinə olduğunu vurğulayan Təbrizi təşkilatda düzgünlüyə, vətənpərvərliyə böyük önəm verəcəyini deyib: "Mən Azərbaycanı sevən, dünyada yaşayan 50 milyonluq azərbaycanlını düşünən hər bir kəsin yanında olacağam, ona maddi və mənəvi yardımlarımı göstərəcəm.

Mən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasında rəhbər olarkən rəhmətlik prezident Heydər Əliyevdən soruşdum ki, Dövlət Komitəsi ilə bu qurmuun nə fərqi var. O da dedi ki, Əlaqələndirmə Şurası 50 milyonluq azərbaycanlının hüququ uğrunda çalışmalıdır və bir də o sözü ki, dövlət deyə bilmir, onu siz deməlisiniz. Ona görə də biz bütün dünya azərbaycanlılarının yanında olmalı, Qarabağ problemini, Güney Azərbaycanın dərdlərini diqqətdə saxlamalıyıq"-deyə Təbrizi açıqlama verib.

Yeni sədr qeyd edib ki, öz ətrafına istədiyi adamları yığmaq, təyinatlar vermək fikrində deyil. O, hamının bir yerdə olmasına, "mən" yox, "biz" anlayışının hökm etməsinə çalışacaq.

Təbrizi DAK-da edilən struktur dəyişikliyindən də danışıb, bildirib ki, indi sədri qurultay yox, İdarə Heyəti seçir. O, görəcəyi işlərə də toxunub: "DAK ölüb, gərək biz onu dirildək. Bunun üçün də fəal, vətənini sevən adamları hərəkətə gətirməliyik. Bütün sahələrdə - siyasət, təhsil, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə peşəkarcasına işlər görməliyik".

Təbrizi onu da deyib ki, sədr seçilməsindən sonra vaxtilə bu qurumdan ayrılmış və ayrıca Demokratik DAK kimi fəaliyyət göstərən qurum artıq DAK-a birləşməyə qərar verib: "Əhməd Obalı mənə zəng etdi, təbrik etdi. Artıq bundan sonra qayıdıb DAK-a birləşəcəklərini dedi. Mən Mahmudəli Çöhrəqanlı ilə də danışacağam. Güney Azərbaycanın haqları uğrunda mübarizədə hamı, bütün güneylilər bir yerdə olmalıdır. Bu, mənim ən ümdə məqsədlərimdən biridir" - deyə Qulamrza Təbrizi vurğulayıb.

Xatırladaq ki, DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən dünya azərbaycanlılarının hüquqları və Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti